Telefon
WhatsApp
Azərbaycanın Enerji Sistemində Yeni Strateji Mərhələ: BESS Texnologiyaları
300 X 250 Reklam Alanı

Azərbaycan enerji sahəsində ilk və yeni strateji inkişaf mərhələsinə qədəm qoyur. Bu mərhələnin əsas göstəricilərindən biri kimi iki mühüm enerji qovşağında – 500 kV-luq Abşeron yarımstansiyası və 220 kV-luq Ağdaş yarımstansiyası ərazilərində iri həcmli enerji saxlanc mərkəzlərinin yaradılması və istismara verilməsidir. Ümumi gücü 250 MVt, enerji tutumu isə 500 MVt/saat olan bu mərkəzlər ölkənin enerji sisteminin çevikliyini və dayanıqlığını əhəmiyyətli dərəcədə artıracaq. Yeni yaradılan mərkəzlər elektrik enerjisinin istehsalı və istehlakı arasında balansın daha effektiv idarə olunmasına imkan yaradacaq. Xüsusilə bərpa olunan enerji mənbələrinin – günəş və külək elektrik stansiyalarının payının artdığı bir dövrdə bu cür saxlanc sistemləri qeyri-sabit istehsalın tənzimlənməsində əsas rol oynayır. Artıq enerji istehsal olunan zaman toplanaraq, tələbatın yüksək olduğu saatlarda şəbəkəyə ötürülür və bu da enerji itkilərinin azalmasına xidmət edəcək.

​Batareya enerji saxlanc mərkəzi (BESS – Battery Energy Storage System) müasir enerji sistemlərinin ən vacib texnoloji komponentlərindən biri hesab olunur və bir sıra mühüm texniki üstünlüklərə malikdir. İlk növbədə, bu sistem yüksək sürətli reaksiya qabiliyyəti ilə seçilir. Ənənəvi generasiya mənbələrindən fərqli olaraq, batareya sistemləri millisaniyələr ərzində şəbəkəyə qoşularaq güc verə və ya enerjini qəbul edə bilir. Bu isə şəbəkədə tezlik və gərginlik sabitliyinin qorunmasında kritik rol oynayır. Digər üstünlük tezlik tənzimləməsidir (frequency regulation). Enerji sistemində istehsal və istehlak arasında ən kiçik fərq belə tezlik dəyişməsinə səbəb olur. Batareya saxlanc sistemi bu fərqi dərhal kompensasiya edərək sistem tezliyini stabil saxlayır və bu da böyük miqyaslı qəzaların qarşısını alır.

​Bundan əlavə, pik yüklərin idarə olunması (peak shaving) texniki baxımdan böyük üstünlükdür. Yəni yüksək tələbat saatlarında əlavə generasiya qurmaq əvəzinə, əvvəlcədən toplanmış enerji istifadə olunur. Bu, həm avadanlıqların yüklənməsini azaldır, həm də şəbəkənin ömrünü uzadır. Sistem “black start” (sıfırdan işə salma) imkanına malikdir. Yəni böyük qəza nəticəsində enerji sistemi tam dayandıqda, batareya sistemi ilkin enerji mənbəyi kimi çıxış edərək elektrik stansiyalarının yenidən işə düşməsini təmin edir. Həmçinin, bu mərkəzlərdə SCADA və digər rəqəmsal idarəetmə platformaları ilə inteqrasiya olunaraq tam avtomatlaşdırılmış idarəetmə təmin edilib. Bu inteqrasiya sayəsində real vaxt rejimində monitorinq, uzaqdan idarəetmə və operativ qərarvermə mümkün olur.

​Layihənin digər mühüm rolu enerji təhlükəsizliyinin gücləndirilməsidir. Enerjinin saxlanılması imkanları ölkənin elektrik şəbəkəsini daha çevik və dayanıqlı edir, fövqəladə hallarda alternativ enerji təminatı yaradır. Bu isə xüsusilə strateji əhəmiyyət daşıyır. Eyni zamanda, “Yaşıl enerji”yə keçid dövlət siyasətinin prioritet istiqamətlərindəndir və bu istiqamətdə həyata keçirilən layihələrin davamlılığı üçün enerji saxlama texnologiyaları həlledici rol oynayır. Azərbaycanda bərpa olunan enerji sahəsində həyata keçirilən layihələrin – xüsusilə Qarabağ və Şərqi Zəngəzurda planlaşdırılan enerji zonalarının – effektiv fəaliyyəti üçün enerji saxlama texnologiyaları vacibdir. Bu baxımdan Abşeron mərkəzi pilot layihə kimi çıxış edir. Enerji saxlanc mərkəzləri isə bu sabitliyi təmin edən əsas mexanizmlərdən biri kimi çıxış edir və Azərbaycanın etibarlı tərəfdaş imicini möhkəmləndirir.

Bakı Ali Neft Məktəbi
Texniki-istismar şöbəsinin rəisi
Vaqif Zeynalov

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ şərh yoxdur! İlk şərh yazan siz olun!

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!