Bu gün buraxılış imtahanı keçirilib
Martın 15-də tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.
Bu barədə Bakıvaxtı.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Bildirilib ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 267 imtahan binası, 4645 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 267 ümumi imtahan rəhbəri, 767 imtahan rəhbəri, 5776 nəzarətçi, 807 buraxılışı rejimi əməkdaşı (mühafizə), 267 bina nümayəndəsi ayrılıb.
İmtahanda 67 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edib. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb.
Bu gün saat 15:30-da DİM-in "Youtube" kanalı vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən imtahanda istifadə olunmuş test tapşırıqları ilə bağlı izahat veriləcək, həmçinin qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları təqdim olunacaq. Şagirdlər onları maraqlandıran sualları canlı yayımın şərh bölməsinə yaza bilərlər.
Martın 16-dan etibarən DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq.
İlkin məlumatlara əsasən, 4 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.
İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 7 həftə ərzində elan olunması nəzərdə tutulur.
İmtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər bütün test tapşırıqlarının izahının elektron versiyasını (pdf formasında), həmçinin etalon cavabları canlı yayımdan sonra DİM-in sosial şəbəkə hesablarından əldə edə biləcəklər.





Oxşar
Vyetnam ABŞ-ın məcburi əmək ittihamlarını rədd edir
Ukrayna XİN Polşa ilə münasibətlərin pisləşə biləcəyini bildirir
Putin Çinlə yeni enerji müqavilələri elan edib
Serbiya Rusiya əleyhinə sanksiyalara qoşulmayacağını bildirib
TASS: Fidan Qətər XİN başçısı ilə ABŞ–İran danışıqlarını müzakirə edib
BVF: Hörmüz boğazının açılması enerji bazarlarını dərhal sabitləşdirməyəcək
İsrail 28 fevraladək Livandakı mövqelərindən geri çəkilməlidir - İİKK
Çexiya Aİ-nin Rusiya danışıqlarında Merzi nümayəndə kimi görmək istəyir