Çanaqqala dastanı
Tarixin axışına nəzər salsaq görərik ki, bütün millətlərin taleyində mütləq bir ölüm-dirim savaşı vardır.
I Dünya müharibəsi də Osmanlı türklərinin taleyində belə bir varoluş məsələsinə çevrildi.
1915–1916-cı illərdə Osmanlı dövləti ilə Antanta dövlətləri arasında şiddətli və taleyüklü bir mübarizə başladı.
İtilaf dövlətləri Osmanlı dövlətinin paytaxtı İstanbulu ələ keçirmək və boğazlara nəzarəti təmin etmək istəyirdilər. Bu hücumda başda Böyük Britaniya olmaqla Fransa, Avstraliya və Yeni Zelandiya Ordu Korpusu (ANZAC), Hindistan, Kanada, Nyufaundlend və Cənubi Afrikadan gətirilmiş əsgərlər iştirak edirdi. Qurudan və ən əsası dənizdən, zirehli gəmilərlə misli görünməmiş bir hücum başlandı.
Lakin General Uinston Çörçill, Yan Hamilton, Con de Robeck, Hunter-Veston və digərlərinin rəhbərlik etdiyi bu nəhəng düşmən donanmasının gəmiləri Egey dənizində şanlı Türk ordusu tərəfindən qısa müddət ərzində məhv edildi. Dəniz döyüşünün qazanıldığı həmin gün Gelibolu yarımadasından bütün dünyanın yaddaşına həkk olunan bir söz doğuldu: “Çanaqqala keçilməz!”
Çanaqqala savaşında müttəfiq qoşunların komandanlarından biri olan ingilis generalı Yan Hamilton türk ordusunun rəşadəti qarşısında heyrətini gizlədə bilməyərək yazırdı:
“Çanaqqala döyüşlərində 253 min şəhid verən türk milləti Antanta dövlətlərinə qarşı şərəfini necə qoruyacağını çox yaxşı bilirdi".
İngiltərənin baş naziri Uinston Çörçill isə türklər barədə belə demişdi:
“Türklər Çanaqqalada ən müasir silahlarla silahlanmış qüvvələr qarşısında bir qala kimi dayanmışdılar.”
İngilis generalı Oqlander isə bu yenilgini belə dəyərləndirmişdi:
“Türk əsgərlərinin döyüş bacarığı və igidliyinin nəzərə alınmaması ingilislər üçün fəlakət oldu.”
Tanınmış Türkiyəli tarixçi Erhan Afyonçu Çanaqqalanın müdafiəsini “üç möcüzə” adlandırır:
Birincisi – bu zəfər bu günümüzü xilas etdi.
İkincisi – keçmişin qəhrəmanlığını və əzəmətini yenidən diriltdi.
Üçüncüsü – vətənimizi əbədi vətənə çevirdi.
Bəli, Çanaqqala zəfəri elə bir zəfərdir ki, milli kimliyimiz, milli diriliyimiz və milli tariximiz bu savaşda sınaqdan keçdi, lakin təslim olmadı, yenilmədi. Materializm bir daha qəlbləri imanla dolu insanlara məğlub oldu.
“Əbədi olaraq sənə yox, irqimə yox izmihlal!” deyərək dünyaya meydan oxundu. Bu müharibədə biz də Azərbaycan türkləri olaraq Türkiyəli qardaşlarımızla birlikdə savaşdıq.
“Mən bir türkəm – dinim, cinsim uludur,
Sinəm, özüm atəş ilə doludur…”
1915-ci ildə 3000-dən çox Azərbaycan türkü könüllü olaraq Osmanlı ordusunda döyüşə qatılmış və müxtəlif cəbhələrdə şəhid olmuşdur. Eləcə də Qafqazdan “İslam birliyi” və qardaşlıq inancı ilə gələn azərbaycanlılar Çanaqqalada Türk-İslam idealı uğrunda canlarını fəda etmiş, bu dastanın səssiz, lakin unudulmaz qəhrəmanlarına çevrilmişlər.
Bu gün bir daha milli birliyimizin qızıl səhifələrindən biri olan “Çanaqqala Zəfəri”nin şəhidlərini ehtiramla yad edir, Uca Yaradandan onlara rəhmət diləyirik.
Keçmişdən bu günə kimi Azərbaycan ziyalıları Türkün bu şanlı zəfərini mətbuatımızın səhifələrində işıqlandırmağı unutmamış, onları hər fürsətdə xatırlamışlar.
“Azərbaycan” qazetində 24 oktyabr 1918-ci il, nömrǝ 21 də
Mehmed Əmin bǝyə aid “Ordunun dastanı” adlı Çanaqqala qǝhrǝmanlarına ithaf edil miş belə bir şeiri yayımlanıb,
ixtisarla:
O nǝsliz ki, qǝhrǝmanlıq meydanları
Yenǝ bu gün dörd rüzgara bizi sorar;
Ərzin bütün şǝrǝflǝri vǝ şanları
Başlarımız kimi böyük başlar arar.
İrǝliyǝ! Türkün alnı
Yalnız rǝbbǝ sǝcdǝ edǝr.
Onun ǝsil, hürr vicdanı
Taxtda xaqan görmǝk istǝr.
Bizlǝr rǝbbin ǝn sevgili millǝtiyiz;
Göyǝ baxan diyarların ümidiyiz.
Uca dağlar, yalçın daşlar
Bizim altun ordumuza ǝyilǝcǝk.
Zalım qǝlblǝr, mǝğrur başlar
Bizim dǝmir pǝncǝmizlǝ ǝzilǝcǝk.
Bizǝ görǝ, Allah üçün gedilǝn yol,
Millǝt üçün hayqıran sǝs müǝzzǝzdir.
Şu mübarǝk vǝtǝn üçün savaşan qol,
Hüquq üçün tökülǝn qan müqǝddǝsdir....
Mübariz Yunus





Oxşar
İçərişəhər Qala divarının dağılan hissəsində təcili tədbirlər görüləcək
Qolqonda sultanlıiğı və Qütbşah dövləti
Səfəvi imperiyasının xarici siyasəti
Humanizmə ümumi baxış
Kəşmir Qızılbaşları
Pakistanın Azərbaycan əsilli ilk Baş naziri – Xan Bahadur Mirzə Mümtaz Həsən Qızılbaş - II YAZI
Pakistanın Azərbaycan əsilli ilk Baş naziri – Xan Bahadur Mirzə Mümtaz Həsən Qızılbaş
“Nargin” filminin nümayişi keçiriləcək