Humanizmə ümumi baxış
İnsanlığın xilası, yoxsa idarəetmə metodu?
Tarix boyu bəşəriyyət öz mahiyyətini dərk etmək və cəmiyyət daxilindəki yerini müəyyənləşdirmək üçün müxtəlif güzgülərə baxıb. Bu güzgülərin ən parlağı və bəlkə də ən dumanlısı humanizmdir. Humanizm sadəcə "insansevərlik" kimi bəsit bir duyğu deyil. İnsanın kainatdakı yerini yenidən təyin edən, onu teosentrik (tanrı mərkəzli) dünyagörüşündən qoparıb antroposentrik (insan mərkəzli) bir orbitə oturdan fəlsəfi inqilabdır.
Lakin qarşımızda mühüm bir sual dayanır: İnsan bu sistemin həqiqi məqsədidir, yoxsa böyük ideologiyaların, dövlət aparatlarının və qlobal güclərin öz varlığını qorumaq üçün istifadə etdiyi strateji bir vasitədir? Əgər humanizm bir məqsəddirsə, niyə dünya hələ də "insan hüquqları" adı altında edilən amansız müharibələrin şahididir? Yox, əgər o bir vasitədirsə, bu, insanın öz dəyərini itirməsi və sadəcə bir sosial vahidə çevrilməsi demək deyilmi? Bu yazıda humanizmin tarixi köklərindən başlayaraq, onun müasir dünyadakı bu paradoksal kimliyini həm ali hədəf, həm də kəskin bir alət olma xüsusiyyətini təhlil etməyə çalışacam.
Humanizmin təşəkkül tapdığı ilk mərhələlərdə, xüsusilə Antik Yunan düşüncəsində Protaqorun "İnsan hər şeyin ölçüsüdür" düsturu ilə bəşəriyyət özünü kainatın mərkəzinə yerləşdirdi. Bu, sadəcə fəlsəfi bir iddia deyil, həm də sosioloji bir transformasiyanın carçısı idi. İnsan artıq taleyin oyuncağı deyil, öz dəyərlər sistemini quran aktiv bir subyektdir. Orta əsrlərin teosentrik qəliblərindən sıyrılan İntibah humanizmi isə bu xətti daha da dərinləşdirdi. Petrarka və Erasmus kimi mütəfəkkirlərin qələmində insan ləyaqəti, fərdi yaradıcılıq və azadlıq anlayışları ilahi iradənin kölgəsindən çıxaraq müstəqil bir kürsüyə yüksəldi. Bu dövrdə humanizm insanın mənəvi inkişafını hədəfləyən ali bir məqsəd, ruhun saflaşması və təfəkkürün intibahı kimi qəbul edilirdi.
Lakin zaman keçdikcə, xüsusilə Aydınlanma dövründə rasional düşüncənin hakimiyyəti ilə humanizm etik bir baza kimi formalaşsa da, eyni zamanda ictimai strukturların qurulmasında bir metodologiyaya çevrilməyə başladı. Kantın "İnsan heç vaxt vasitə deyil, yalnız məqsəd olmalıdır" fikri əslində böyük bir sosial xəbərdarlıq idi. Çünki modernləşmə prosesi insanı mərkəzə qoyduğunu iddia etsə də, onu həm də dövlət maşınının, iqtisadi sistemlərin və bürokratik aparatların bir hissəsinə, yəni dolayısı ilə bir vasitəyə çevirmək təhlükəsi ilə üz-üzə qoyurdu. Klassik humanizmin insanı "yaratmaq" istədiyi kamil fərd obrazı, tədricən cəmiyyətin nizamlanması üçün istifadə edilən etik bir diskursa transformasiya olundu. Beləliklə, insanın dəyərinin mərkəzə çəkilməsi, bir tərəfdən subyektin azadlığını təmin edərkən, digər tərəfdən bu azadlığın çərçivələrini müəyyən edən yeni bir sosial nəzarət mexanizminin, humanizmin etik bazasının formalaşmasına yol açdı. Bu tarixi təkamül, humanizmin öz daxilində daşıdığı o böyük gərginliyi insanı həm xilas etmək istəyən bir ideal, həm də onu idarə etməyə çalışan bir rasionallıq olmaq vəzifəsini bizə miras qoydu.
Modern dövrə qədəm qoyduqda bu gərginlik daha da kəskinləşərək humanizmi sadəcə fəlsəfi bir seçim olmaqdan çıxarıb, qüdrətli bir ideologiyaya çevirdi. Siyasi sistemlər artıq öz legitimliyini ilahi qaynaqlarda deyil, "insan rifahı" və "insanlıq naminə" edilən fəaliyyətlərdə axtarmağa başladılar. İnsanlıq dili cəmiyyəti ortaq bir mənəvi müstəvidə birləşdirmək üçün ən əlverişli vasitədir. Dövlət öz güc tətbiqini və ya islahatlarını humanitar bir örtüklə bürüdükdə, bu, kütlələr tərəfindən daha asan həzm olunur.
Lakin bu universal dəyər kimi təqdim olunma prosesi özlüyündə ciddi suallar doğurur: Humanizm həqiqətən neytraldırmı, yoxsa o, müəyyən bir mədəniyyətin və ya siyasi sistemin öz dəyərlərini dünyaya qəbul etdirmək üçün istifadə etdiyi bir manevrdir? İdeologiya kimi humanizm, çox vaxt fərdi azadlıqları ucaltdığını iddia etsə də, əslində insanı müəyyən bir "norma" daxilində formalaşdırmağa çalışır. Bu mənada, sosial aparatlar humanizmi bir standartlaşdırma alətinə çevirir. İnsan anlayışı universal görünsə də, bu anlayışın tərkibi hakim güclərin maraqlarına uyğun olaraq doldurulur. İnsan hüquqları və humanist dəyərlər diskursu, bir tərəfdən fərdi dövlətin özbaşınalığından qoruyan bir qalxan rolunu oynayarkən, digər tərəfdən müasir idarəetmə sistemlərinin insanı daha dərindən müşahidə etməsi və tənzimləməsi üçün bir pəncərə açır. Beləcə, humanizmin o neytral və şəffaf görünən simasının arxasında hakimiyyətin özünü bərpa etmək üçün istifadə etdiyi strateji bir dilin gizləndiyini sezmək mümkündür. Bu nöqtədə humanizm artıq ali bir fəlsəfə olmaqdan çıxıb, qlobal güc balanslarında və geopolitik oyunlarda vasitəyə çevrilən bir ideyaya çevrilir. Xüsusilə modern beynəlxalq münasibətlər sistemində "humanitar müdaxilə" anlayışı, çox vaxt suveren dövlətlərin daxili işlərinə qarışmaq və ya strateji maraqları təmin etmək üçün istifadə edilən əlverişli bir maska rolunu oynayır. Güc strukturları öz meyillərini "insan hüquqlarını qorumaq" və ya "xilas etmək" şüarları ilə bəzəyərək, sosioloji bir manipulyasiya mexanizmi qururlar. Burada insan həyatının dəyəri mütləq bir prinsip kimi deyil, selektiv, yəni seçici bir məntiqlə gündəmə gətirilir.
Bu selektiv tətbiq problemi humanizmin ən böyük yarasıdır. Müəyyən coğrafiyalardakı insan faciələri "humanitar böhran" adlandırılıb dünya gündəminin mərkəzinə daşınarkən, digər bölgələrdəki bənzər ağrıların sükutla qarşılanması humanizmin bir siyasi alətə çevrildiyinin bariz sübutudur. İnsan hüquqları diskursu beləcə öz universal mahiyyətindən qoparılaraq, hegemon güclərin öz rəqiblərini küncə sıxışdırmaq üçün istifadə etdiyi diplomatik bir silaha çevrilir. Bu, "insanlıq" anlayışının özgələşdirilməsidir, yəni insan artıq qorunması vacib olan bir subyekt deyil, beynəlxalq şahmat taxtasında fəaliyyətlərə legitimlik qazandıran bir simvoldur. Bu proses humanizmin ilkin, saf və romantik mənasına xəyanət kimi görünsə də, əslində onun real sosiopolitik sistemlərdə necə bir funksional alətə (idarəetmə və təsir vasitəsinə) çevrildiyini çılpaqlığı ilə ortaya qoyur. Lakin humanizmi yalnız bu soyuq, praqmatik vasitəçilik müstəvisinə sığışdırmaq onun bəşər tarixindəki əvəzsiz rolunu görməzdən gəlmək olardı. Bütün siyasi manipulyasiyalara rəğmən, humanizm hələ də bir məqsəd kimi öz cəlbediciliyini və zəruriliyini qoruyub saxlayır. Bu müstəvidə insan rifahı və həyat keyfiyyəti sadəcə iqtisadi göstərici deyil, fərdin öz potensialını reallaşdıra biləcəyi ən ali hədəf kimi çıxış edir. Humanizm bir məqsəd olaraq, cəmiyyəti fərdlərin bir-birini vasitə deyil, bir dəyər kimi tanıdığı etik bir kamillik səviyyəsinə daşımağı vəd edir.
Mənəvi inkişaf və etik kamillik ideyası humanizmin utopik modelinin nüvəsini təşkil edir. Bu modeldə cəmiyyət elə qurulmalıdır ki, struktur fərd üçün deyil, fərd öz daxili azadlığı üçün var olsun. Əlbəttə ki, real dünyada bu utopiyanın qarşısında ciddi məhdudiyyətlər mövcuddur. İqtisadi rəqabət, sosial bərabərsizlik və resurs qıtlığı humanizmi bir məqsəd kimi tətbiq etməyi çətinləşdirir. Lakin bu çətinliklər humanizmin bir ideal kimi əhəmiyyətini azaltmır, əksinə, onu cəmiyyətin can atmalı olduğu bir "sosial kompas" halına gətirir. Beləliklə, humanizm məqsəd kimi çıxış etdikdə, o, mövcud olanı tənqid etmək və daha ədalətli bir dünya nizamı qurmaq üçün daimi bir mənəvi stimul rolunu oynayır. Bu baxış bucağı bizi humanizmin bəlkə də ən böyük sirrinə onun eyni anda həm vasitə, həm də məqsəd kimi çıxış etməsinin yaratdığı o qaçılmaz paradoksa yaxınlaşdırır.
Bu paradoks, humanizmin ikili təbiətindən qaynaqlanır: o, bir tərəfdən fərdin azadlığını hədəfləyən bir ideal, digər tərəfdən isə bu azadlığı təşkilatlandırmağa çalışan sosial bir mexanizmdir. Sosial sistemlərdə humanizm bir transformasiya mühərriki rolunu oynayır. Belə ki, cəmiyyətin daha humanist olması üçün institusional səviyyədə müəyyən qaydalar, qanunlar və sosiopolitik alətlər (vasitələr) tətbiq olunmalıdır. Lakin bu vasitələr tətbiq olunarkən çox vaxt humanizmin özü "institusional bir soyuqluğa" bürünür və fərd bu böyük maşının çarxları arasında sıxışır.
Fərdi səviyyə ilə institusional səviyyə arasındakı bu toqquşma, humanizmin sabit bir nöqtə deyil, daim dəyişən və özünü yeniləyən bir proses olduğunu göstərir. Məsələ budur ki, humanizm heç vaxt donmuş bir həqiqət olmayıb. O, hakimiyyət mübarizələri ilə etik axtarışların kəsişməsində formalaşan dinamik bir mahiyyətdir. Beləliklə, nəticə etibarilə biz humanizmi yenidən düşünməyə məcburuq. Müasir dünyada "insan mərkəzli" anlayışın dərin bir böhran keçirməsi, rəqəmsallaşma və texnoloji hegemonluq şəraitində insanın yenidən bir "data vahidinə" çevrilməsi bu məsələni daha da aktuallaşdırır. Humanizmin gələcəyi onun sadəcə bir siyasi alət kimi istifadə olunmasında deyil, hər bir fərdin mənəvi müstəqilliyini qoruya biləcək alternativ baxışların tapılmasındadır. Bu mürəkkəb yolun sonu hələ də açıq suallarla doludur: biz insanı həqiqətənmi mərkəzə qoyuruq, yoxsa sadəcə mərkəzdə boş qalmış yeri "insan" adı ilə doldururuq?
Nigar Şahverdiyeva
Sosioloq, araşdırmaçı yazar.





Oxşar
İçərişəhər Qala divarının dağılan hissəsində təcili tədbirlər görüləcək
Qolqonda sultanlıiğı və Qütbşah dövləti
Səfəvi imperiyasının xarici siyasəti
Humanizmə ümumi baxış
Kəşmir Qızılbaşları
Pakistanın Azərbaycan əsilli ilk Baş naziri – Xan Bahadur Mirzə Mümtaz Həsən Qızılbaş - II YAZI
Pakistanın Azərbaycan əsilli ilk Baş naziri – Xan Bahadur Mirzə Mümtaz Həsən Qızılbaş
“Nargin” filminin nümayişi keçiriləcək