İlham Əliyev Oljas Süleymenovu 90 illik yubileyi münasibətilə təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstanın Xalq yazıçısı Oljas Süleymenova təbrik məktubu ünvanlayıb.
Çağrı.az-ın məlumatına görə, mətndə deyilir:
"Hörmətli Oljas Süleymenov!
Sizi – müasir ədəbi fikrin görkəmli nümayəndəsini və tanınmış ictimai xadimi 90 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı və çoxşaxəli fəaliyyətinizdə uğurlar arzulayıram.
Böyük şair, publisist, ədəbiyyatşünas və tədqiqatçı olaraq Siz türk dünyasının fitri bədii istedada malik qüdrətli simalarındansınız. Yüksək vətəndaşlıq amalı özünün ənənələrə bağlılığı və dərin koloriti ilə seçilən yaradıcılığınızı geniş oxucu auditoriyasına daim sevdirmişdir. Planetar düşüncənin məhz milli dəyərlər əsasında formalaşdığına inanaraq meydana gətirdiyiniz hər yeni əsər mədəniyyət hadisəsinə çevrilmişdir. Parlaq ədəbi şəxsiyyət kimi zəngin ömür yolunuz vətənə və xalqa təmənnasız xidmətin nümunəsidir.
Ötən əsrin 80-ci illərindən etibarən ictimai-siyasi həyat meydanındakı coşqun fəaliyyətinizi həmişə məmnunluqla xatırlayırıq. Azərbaycanın haqq işini hər addımda ürəkdən dəstəkləməyiniz və Qələbəmizi bütün türk dünyasının tarixi nailiyyəti hesab etməyiniz bizə mənəvi güc verir.
Türk xalqları arasında həmrəyliyin möhkəmləndirilməsinə və qarşılıqlı humanitar əlaqələrin genişləndirilməsinə töhfələriniz danılmazdır. Ölkəmizə münasibətiniz bizim üçün dostluq və qardaşlığın həqiqi meyarıdır.
Əminəm ki, yaratdığınız irs gələcək nəsillərin ortaq keçmişimizə və mədəni-mənəvi sərvətlərimizə ehtiram ruhunda tərbiyəsi baxımından bundan sonra da xüsusi əhəmiyyət kəsb edəcəkdir".





Oxşar
Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə olub
Kanada və Azərbaycanın XİN rəhbərləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər - YENİLƏNİB
Türkiyəli deputatlar Milli Məclisdə olublar
Məsud Pezeşkian Azərbaycan Prezidentini təbrik edib
Tramp: İyunda Azərbaycanla Ermənistan arasında keçiriləcək sülh müzakirələrini səbirsizliklə gözləyirik
San-Marino regent kapitanları Prezident İlham Əliyevi təbrik edib
Pekində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəlik ofisi fəaliyyətə başlayıb
Məsud Pezeşkian Azərbaycanın göstərdiyi humanitar yardımlara görə İlham Əliyevə təşəkkür edib