İqtisadi faktorlar: İran–İsrail münaqişəsi genişlənə bilərmi? – EKSPERT RƏYİ
Fevralın 28-də ABŞ və İsrailin İrana hücumu ilə Yaxın Şərqdə bitmək bilməyən xaos yeni mərhələyə qədəm qoydu. Bu dəfə proksi qüvvələr deyil, həmin proksi qüvvələri dəstəkləyən dövlətlər birbaşa toqquşdular və bu, özü ilə yeni risklər ortaya çıxardı. Bu risklər arasında ən çox danışılanlardan biri isə müharibənin uzun müddət davam etməsi ehtimalıdır.
Bəs müharibə nə qədər davam edəcək?
Çağrı.az mövzu ilə bağlı beynəlxalq münasibətlər üzrə ekspert Cavanşir Altaydan fikirlərini öyrənib.
O bildirib ki, ABŞ-ın İrana hücumları fonunda beynəlxalq mətbuatda və ekspertlər nəzdində əksər yanaşmalar ortaya çıxıb və bu yanaşmalara görə, hücumların əsas səbəbi diplomatik müzakirələrin nəticəsiz qalması, məqsədi isə İranın nüvə proqramının və ballistik raket potensialının qarşısını almaqdır:
"Eyni zamanda vurğulanır ki, Tehran Yaxın Şərqdə müxtəlif silahlı qrupları maliyyələşdirir və xüsusilə İsrail üçün ekzistensial təhlükə mənbəyi hesab olunur. Lakin bu arqumentlər və siyasi ritorika uzun illərdir mövcud idi. Bu halda sual yaranır: nə üçün məhz indi daha radikal qərarlar qəbul edilir?
Məsələyə daha geniş geosiyasi perspektivdən yanaşdıqda, prosesin Şərq–Qərb qarşıdurmasının növbəti təzahürü olduğu qənaətinə gəlmək mümkündür. Qərb blokunda əsas güc ABŞ-dırsa, Şərqdə artan qlobal təsir imkanları ilə Çin ön plana çıxır. Əsas dönüş nöqtələrindən biri cari ilin 29 yanvarında Çin və İran arasında imzalanmış 25 illik strateji əməkdaşlıq sənədləridir. Bu razılaşmalar enerji, ticarət, infrastruktur və digər prioritet sahələri əhatə etməklə münasibətləri uzunmüddətli və sistemli əməkdaşlıq müstəvisinə keçirir. Eyni tarixdə Rusiya ilə də analoji çərçivədə razılaşmaları əldə olundu və sənədlərdə həm də siyasi və hərbi əməkdaşlığın dərinləşdirilməsi nəzərdə tutulurdu. Bu isə İranın paralel şəkildə həm Pekin, həm də Moskva ilə strateji koordinasiyanı institusional səviyyəyə qaldırdığını göstərir. Mövcud məlumatlara əsasən, İran gündəlik ixrac etdiyi 1,5–1,7 milyon barel neftin təxminən 90 faizini Çinə satır və ödənişlər əsasən yuan üzərindən həyata keçirilir. Rusiya ilə hesablaşmalarda isə rublla ödəniş mexanizmləri tətbiq olunur. İranın beynəlxalq mübadilə proseslərində dollardan yayınmağa çalışması, ABŞ maliyyə sisteminin qlobal dominantlığına alternativ mexanizmlərin formalaşdırılması cəhdi kimi qiymətləndirilir. Bu kontekstdə İran artıq yalnız regional aktor deyil, həm də Şərq mərkəzli geosiyasi koordinasiyanın elementlərindən birinə çevrilib. Lakin hələ də formal kollektiv müdafiə çətirinə malik deyil. ABŞ isə həm belə bir təhlükəsizlik çətirinin formalaşmasının qarşısını almağa, həm də Çinin artan iqtisadi və siyasi nüfuzunu balanslaşdırmağa çalışır. Bu baxımdan Rusiya–Çin–İran tandemi Vaşinqton tərəfindən potensial balanssızlaşdırıcı təhdid ünsürü kimi qiymətləndirilir.
Ukrayna müharibəsi fonunda Rusiyanın zəiflədilməsi, Suriyada hakimiyyət dəyişikliyi, Latın Amerikasında baş verən siyasi proseslər və nəhayət İrana qarşı hərbi təzyiq alətlərinin işə salınması daha genişmiqyaslı geosiyasi rəqabətin elementləridir. Beləliklə, İrana qarşı atılan addımları yalnız nüvə proqramı və regional təhlükəsizlik prizmasında deyil, qlobal güc balansı və ABŞ–Çin rəqabəti çərçivəsində dəyərləndirmək daha məntiqli görünür. Əgər qarşıdurma genişlənərsə – ki, bu ehtimal var – regional balansın yenidən qurulması prosesi sürətlənə və Şərq blokunun koordinasiya imkanları məhdudlaşa bilər. Bu ssenaridə strateji təşəbbüsün və normativ təsir imkanlarının ABŞ-nin xeyrinə möhkəmlənməsi ehtimalını daha yüksək görürəm".
Ekspert müharibənin yaxın gələcəkdə enerji bazarına və qlobal iqtisadiyyata hansı təsirləri göstərə biləcəyi məsələsinə də toxunub:
"Zənnimcə ABŞ-ın məhz şənbə günü gecə saatlarında hücum etməsi müəyyən iqtisadi zamanlama məntiqi ilə izah oluna bilər. Həftəiçi baş verən hər hansı hərbi əməliyyat və ya qlobal şok zamanı ABŞ-da əsas fond birjaları (New York Stock Exchang, NASDAQ və.s) bazar açıq olduğu üçün ani və kəskin reaksiya verə bilərdi. Bu isə qızılın, neftin, dollar indeksinin və digər maliyyə alətlərinin qiymətlərində sərt dalğalanmalara səbəb olardı. Proqnozlaşdırılması çətin proseslər başlayır, investor davranışları dəyişir, risk qiymətləndirməsi sürətlənir və riskli aktivlərdən kütləvi çıxışlar müşahidə oluna bilər. Belə risklər zamanı kapital daha təhlükəsiz limanlara yönəlir. Lakin əməliyyat həftəsonu həyata keçirildikdə bazarlar bağlı olur və ilkin emosional reaksiya dərhal qiymətlərdə əks olunmur. Bu zaman informasiya müəyyən qədər “həzm edilir”, dövlətlər, mərkəzi banklar və enerji qurumları bazar ertəsinə qədər situasiyanı qiymətləndirmək imkanı qazanır. ABŞ daxilində də siyasi institutlar üçün əlavə zaman yaranır və administrasiya daha geniş və çevik manevr imkanları əldə edir. Beynəlxalq ictimaiyyət isə mövqeyini formalaşdırmaq üçün əlavə vaxt qazanır. Bu baxımdan, həftəsonu həyata keçirilən əməliyyat müəyyən mənada “kontrollu şok” effekti yaradır. Müasir müharibələr artıq təkcə silahlı toqquşmalar deyil; eyni zamanda maliyyə bazarlarının, investor gözləntilərinin, informasiya axınının və ictimai-psixoloji mühitin idarə olunması ilə paralel gedən kompleks proseslərdir. Qarşıdurma genişlənəcəyi təqdirdə, ilk və ən çox təsir enerji bazarında qiymət artımı şəklində özünü göstərəcək. İran Hörmüz boğazına nəzarət edən əsas aktorlardan biridir və qlobal neft ticarətinin təxminən 20 faizi məhz bu marşrutdan həyata keçirilir. Buna görə də hərbi eskalasiyanın dərinləşməsi neft və qaz qiymətlərində kəskin sıçrayışa səbəb ola bilər".
Cavanşir Altay əlavə edib ki, enerji qiymətlərinin artması zəncirvari təsir yaradaraq qlobal miqyasda inflyasiyanın yüksəlməsinə, logistika və istehsal xərclərinin artmasına gətirib çıxara bilər:
"Xüsusilə enerji idxalından asılı olan Avropa və Asiya ölkələri üçün bu, əlavə iqtisadi təzyiq və artım tempin zəifləməsi deməkdir. Qısa müddətdə enerji ixracatçıları mövcud vəziyyətdən müəyyən iqtisadi divident əldə edə bilərlər, lakin uzunmüddətli qeyri-sabitlik qlobal iqtisadi artımı zəiflədə və maliyyə bazarlarında volatilliyi artıraraq risk mühitini dərinləşdirə bilər".
Söyünlü Ləman





Oxşar
MEDİA: Sosial media platformalarında Azərbaycandan Körfəz ölkələrinə raket atılması iddiaları əsassızdır
Regionda sabitlik Azərbaycan üçün strateji prioritetdir - Ekspert
Azərbaycan və Pakistan XİN başçıları İslamabad danışıqlarının müsbət nəticələnəcəyinə ümidlərini ifadə ediblər
Əraqçi və Bayramov regiondakı cari vəziyyəti müzakirə ediblər
Litvanın Baş naziri Azərbaycana səfərə gəlib
İlham Əliyev atəşkəslə bağlı Məsud Pezeşkianı təbrik edib
Azərbaycanda texniki reqlamentə uyğun olmayan mallara qarşı nəzarət qaydaları təsdiqlənib
İlham Əliyevin Gürcüstana dövlət səfəri başa çatıb