Telefon
WhatsApp
Müasir Azərbaycan ədəbiyyatında gənclərin rolu - Müsahibə
300 X 250 Reklam Alanı

Müasir Azərbaycan ədəbiyyatında gənc qələm sahiblərinin rolu getdikcə daha çox diqqət çəkir.

Çağrı.az-ın bugünkü qonağı qısa zamanda öz sözünü deməyi bacaran, Bəyaz Cəhənnəmdə Əbədi Ömür, Kaş ki Gülən Ölüm Olsa, Bəyaz Cəhənnəmdə Qanlı Üfüq kitablarının müəllifi, Yazıçılar Birliyinin üzvü Qüdrət Kərim Sabitdir. Siyasi dedektiv janrında gənc qələm sahibi kimi tanınmağa başlayan Qüdrət Sabit Kərimin yazıçılıq yolu, ilham qaynaqları və gələcək planları haqqında daha yaxından tanış olmaq üçün söhbətimizə başlayırıq.

  • Qüdrət bəy salam, ilk sualımız belə olsun, yazıçılığa başlamağınıza nə səbəb oldu?

 

Salam. Bilirsiniz, yazıçılığa başlamaq bir gün içərisində yaxud bir an içərisində verilən qərar deyil. Məncə o, daha çox insanın içində uzun müddət yığılıb qalan səssizliyin dolub birdən böyük söz axınına çevrilməsidir. Mən də yazmağa elə başladım; nəyisə izah etmək üçün yox, bir gün məşhur olaram deyə yox. Sadəcə içimdə izahsız qalan şeylər çox idi. Bəlkə özüm üçün onlara izah taparam deyə düşündüm.

Uşaq vaxtından insanları müşahidə etməyi sevirdim. Kim necə susur, kim danışanda nəyi gizlədir, hansı baxışın arxasında hansı qorxu var və s. Sonra gördüm ki, həyatın özündə də böyük bir detektivlik var. Ətrafımızdakı insanları, adicə öz ailəmizi tanıdığımızı zənn edirik, lakin hər insan mütləq ki kimsəyə söyləmədiyi bir sirr daşıyır, hər ailənin, hər şəhərin, hər dönəmin görünməyən bir tərəfi var. Yazıçılıq mənim üçün həmin görünməyən tərəfə işıq salmaq cəhdi oldu deyə bilərəm.

 

  • İlk yazdığınız mətn yadınızdadır? O zaman özünüzü necə hiss edirdiniz?

 

Tam xırdalığı ilə xatırlamıram, amma o hiss yadımdadır. Mən ilk yazılarımı vərəq əvəzinə zehnimdə qururdum. Məsəl üçün, biz uşaq olanda Azərbaycan kanallarında türk serialları yayımlanırdı. “Aliye”, “Deli Yürek”, “Kurtlar Vadisi”, “Yabancı Damat”, “Kaybolan Yıllar” və daha nələr-nələr. Təsəvvür edin, bir bölümü izləyirdim, bəyənmədiyim bölüm olanda onun alternativ variantını zehnimdə canlandırırdım ki,görəsən belə yazılsa necə olardı? Və ya özümü yeni bir obraz olaraq həmin serialın içərisinə daxil edirdim. Hələ Braziliya seriallarını, hind filmlərini demirəm. Bir qədər gülməli gələ bilər, lakin daha uşaq yaşda özünüzü fərqli kültürlərdə,xəyal dünyanızda fərqli rollara bölməyinizin bir gün sizə bu qədər fayda verəcəyini ağlınızın ucundan keçirmək?! Kim bilə bilərdi?! Gördüyünüz kimi ilk cəhdlərim uşaqcasına olub. Sizin düşündüyünüz ədəbi quruluş, üslub, texnika yox idi. Amma orada çox saf bir həyəcan vardı. O vaxt özümü həm qəribə dərəcədə azad, həm də bir az çəkingən hiss edirdim. Sığındığınız xəyal dünyası olur və o dünya sizi mühakimə etmir. Ən önəmlisi isə o dünya çox dürüstdür. Siz nə qədər gizlətmək istəsəniz də, qurduğunuz o dünyada özünüzü ələ verirsiniz.

Yazıya gəldikdə isə, açığı ilk mətnlərim peşəkar baxımdan kamil deyildi, amma mənə bir şeyi göstərdi: xəyal qurmaqdan, hətta ən absurd xəyalları belə qurmaqdan qorxma.

 

  • Yazıçılar Birliyinə üzv olmaq sizin üçün nə ifadə edir?

 

Fərqli bir duyğudur. Doğrusunu desəm mən fərqli mövzularda detektiv hekayələr qələmə alan biri olaraq bu yaşda Yazıçılar Birliyinə üzv olacağıma da çox ehtimal vermirdim. Bəlkə də bu yaşda böyük ustaların cərgəsinə daxil olmağı özümə sığışdırmamışam. Lakin həyat düşündüyünüzün əksini sübut edəcək qədər qəribədir. Bu üzvlüyü təkcə rəsmi bir status olaraq dəyərləndirmirəm. Əlbəttə, gənc bir müəllif kimi bu etimadı görmək sevindiricidir. Amma mən bunu daha çox önəmli bir məsuliyyət kimi qəbul edirəm.

Çünki ədəbiyyat təkcə kitab çıxarmaqdan, bir quruma üzv olmaqdan, alqış eşitməkdən ibarət deyil. Ədəbiyyat yaddaşla, dil ilə, zamanla, ən əsası insanla münasibət qurmaq bacarığıdır. Yazıçılar Birliyi kimi bir quruma üzv olmaq mənə bunu xatırladır: artıq yazdığın hər mətn yalnız sənə aid deyil, artıq sən müəyyən mənada ədəbi mühitin, oxucunun, mədəniyyətin qarşısında da cavabdehlik daşıyırsan. Qısacası, mənim üçün bu üzvlük “artıq yazıçı oldun” demək deyil. Daha çox “oyan, indi daha ciddi yazmalısan” xəbərdarlığıdır.

 

  • Gənc yaşda artıq üç kitab çıxarmaq – bu prosesi necə yaşadınız?

Hər kitab çapından sonra mənə verilən sual bu olur: Nə qədər satıldı və nə qədər qazandın? Üç kitab çıxarmaq kənardan bəzilərinə sadəcə nəticə kimi görünür: kitab yazıldı, çap olundu, oxucuya çatdı, yazıçı pul qazandı və ya itirdi. Amma prosesə içəridən baxanda görürsünüz ki, bu proses xeyli qarışıqdır. Orada sevinc də var, tərəddüd də var, yorğunluq da var, özünə şübhə də var.

Gənc yaşda kitab çıxarmağın ən çətin tərəfi odur ki, artıq fikirləriniz, dünyagörüşünüz, estetik seçimləriniz başqalarının qarşısında vitrinə çıxır. Bu, bir az yarımçıq tikilmiş evin qapısını açmağa bənzəyir. İçəri girənlərin bəzisi işığı görür, təqdir edir. Bəzisi isə hələ tam suvanmamış divarı görür, dişinin dibindən çıxanı deyir.

Lakin mən bu prosesi çox qiymətli yaşadım. Çünki hər kitab mənə yalnız oxucu qazandırmadı, həm də özüm haqqında nələrisə öyrətdi. Birinci kitab insana cəsarət verir, ikinci kitab isə sual verir: “Sən doğrudan bu yolun adamısan?” Və nəhayət üçüncü ilə siz möhürü vurursunuz: “Bəli!”

 

  • Yazarkən sizi ən çox ilhamlandıran şeylər nələrdir?

 

Şükür edə bilərəm ki, qadınlar deyil! Təbii ki zarafatdır! Bir çoxlarının yazarlıq hekayəsi ilə tanış olanda sevgidən bəhrələndiklərini çox müşahidə edirdim. Mənim hekayələrimin ilham qaynaqları müxtəlif olur, buna görə çox sevincliyəm. Məni ən çox insanların gizli tərəfləri ilhamlandırır. Hamının gördüyü hadisələrdən çox, görünməyən səbəblərdən yola çıxıram. Məsələn, ilk kitabımın ilham qaynağı bu söz idi: “Dünyada ən böyük güc informasiyadır.” Bu sözün ardından gedərək fərqli hekayələrə yolumun uzandığını gördüm. Əlbəttə ilham qaynaqları bununla bitmir. Durmadan suallar vermək gərəklidir. Məsələn, bir insan sizcə niyə susar? Niyə gec cavab verər? Niyə həqiqəti bilər, amma gizlədər? Niyə bəzən günahkar kimi görünən adam əslində ən çox əzab çəkəndir, ən böyük qurbandır?

Adicə tarix məni çox ilhamlandırır. Amma tarixi yalnız hadisələr toplusu kimi yox, insan talelərinin fonu kimi görürəm. Mənim üçün tarix muzeydə qalan tozlu bir vitrin deyil; hələ də nəfəs alan, bu günümüzə kölgə salan canlı bir yaddaşdır. Siz tarix oxuyanda illəri, hadisələri oxuyub keçə bilərsiniz, amma mən o hadisələrin dərininə enirəm. Enmək məcburiyyətindəyəm, çünki adımı yazıçı qoymuşamsa buna məcburam.

Çox mürəkkəbləşdirmək istəmirəm. Bəzən ilham qaynağı çox sadə bir şeydən də gələ bilər: köhnə bir küçədən, otaqda yalnız ikən dinlədiyiniz bir musiqidən, bir film izləyərkən kimsənin fikir vermədiyi, amma sizi dərindən sarsan bir cümlədən. Yazıçı üçün ilham həmişə böyük hadisələrdə olmur. Bəzən ən güclü hekayə çox sakit bir detalın içində gizlənir. Onu yaxalaya bilirsinizsə sizə “Afərin!”

 

  • Günün hansı vaxtında daha məhsuldar yazırsınız?

 

Bakı-Sumqayıt qatarı sağolsun! Bakıda yaşadığım dönəmlər öncələri yolların uzunluğundan şikayət edirdim. Sonra uzun yolu avantaja çevirmək qərarına gəldim. Hər stansiya üçün bir səhnə! Getdikcə qəsdən yolda keçirdiyim vaxtı uzatmağa başladım. Gördüm ki, elə olanda ehtiyac duyduğum sakitlik getdikcə dərinləşir. Əgər qatar xüsusilə axşam hava qaraldıqdan sonra hərəkət edirsə onda əsərin ən mükəmməl hissəsi yazııldı deyə sevincdən havaya uçuram. Özü də qatarda elə ki pəncərə tərəfdə oturdunuz və çölü seyr etməyə başladınızsa, o kitabın bestseller olmaq ehtimalı qarantiyadır! Bir çoxlarına zarafat gələ bilər, lakin bu, mənim həqiqətimdir. Gündüz insanın ətrafında çox səs olur — təkcə küçənin, telefonun, insanların səsi yox, gündəlik həyatın görünməz təzyiqi də. Gecə isə sanki dünya bir az geri çəkilir və insan öz fikirlərinin nəfəsini daha aydın eşidir.

Açığı bunu romantikləşdirmək də istəmirəm. Yazı yalnız ilhamlı qatar gecələrindən də ibarət deyil. Bəzən ən yaxşı cümlə yorğun bir günün sonunda gəlir, bəzən də heç gəlmir. Sadəcə oturub gözləməli olursan.

Mənim üçün əsas vaxtdan çox, daxili səssizlikdir. O səssizlik yarananda səhər də yazmaq olur, gecə də. Amma etiraf edim ki, gecənin insanı daha dürüst edən bir tərəfi var. Daha dürüst və daha dərin!

 

  • Yazı prosesiniz planlıdır, yoxsa spontan?

 

Hər ikisi var, amma müxtəlif mərhələlərdə. Kitabın ideyasının gəlişi adətən spontan baş verir. Lakin proses mütləq şəkildə incəliyinə qədər planlanmalıdır. Mən şəxsən əsərin ümumi ruhunu, atmosferini, əsas xəttini əvvəlcədən hiss etməyi sevirəm. Xüsusilə detektiv və tarixi mövzularla işləyəndə müəyyən plan və araşdırmaya mütləq ehtiyacının var. Çünki hadisələrin ardıcıllığı, ipucları, zaman və məkan dəqiqliyi oxucunun inamını formalaşdırır.

Amma dürüst olsam plan da tək başına hər şeyi həll etmir. Bəzən obraz yazının içində səndən daha ağıllı davranır. Sən onu bir yerə aparmaq istəyirsən, o isə başqa tərəfə dönür. Öncələri bu məni narahat edirdi, indi isə belə anları daha qiymətli hesab edirəm. Çünki mətnin canlı olduğunu göstərir, mənim canlı olduğumu göstərir. Obrazlarıma son dərəcə minnətdaram; mənə daima insan olduğumu xatırlatdıqları üçün.

Alleqoriya etməli olsam mənim üçün araşdırma mərhələsi və plan skelet kimidir, spontanlıq isə nəfəs. Skelet olmasa bədən dağılar, nəfəs də olmasa bədən yaşamaz. Elə ki hekayəniz bu ikisinin arasında tarazlıq tapdı, demək ki, öz ritminizi qazandınız.

 

  • Bir əsəri tamamladığınızı necə anlayırsınız?

 

Kim deyir ki anlayıram? Anladığımı mı zənn edirsiniz? Axı bu qədər asan olmamalıdır. Bilirsiniz, əsərin tamamlandığını anlamaq çətin hissdir. Çünki yazıçı istəsə, eyni mətni illərlə dəyişə bilər. Sizə hər kitabımın sonunu neçə dəfə dəyişdiyimi desəm mənə inanarsınız mı? İnanın, çünki mümkündür. Hər dəfə yeni bir cümlə əlavə etmək, hansısa hissəni çıxarmaq, başqa cür qurmaq tamamilə mümkündür. Amma bəzən elə bir məqam gəlir ki, hekayə artıq sizdən çox özü kimi görünməyə başlayır.

Bəzən isə təslim oluram. Əsərin bitdiyini o zaman hiss edirəm ki, əlavə etmək istədiyim sözlər hekayəni gücləndirməkdən çox ağırlaşdırmağa başlayır. Təsəvvür edin ki, böyük bir otaqdasınız. Otaqda hər əşya öz yerini tapıb, otaq tamam dolub və siz bir stul da gətirirsiniz. Bu etdiyiniz otağa haqsızlıq olmaz mı?!

 

  • Heç olubmu ki, yazdığınız bir səhnə sizi emosional olaraq çətin vəziyyətə salsın?

 

Əlbəttə. Bir dəfə Elxan Elatlının oxucularla görüşünə qatılmışdım. Onda hələ yazıçı deyildim, sıradan oxuculardan sayılırdım. Bir ifadəsində bildirdi ki, bəs hansısa əsərini yazanda ana-oğul səhnəsində kövrəlib. Mənə gülünc gəlmişdi ki görəsən nəyə kövrəlib? Bir şey ki əsəri yazan insan sizsiniz, necə kövrəlirsiniz? Sonra gördüm ki, cavab özü zamanla gəlib məni tapdı. Hətta eyni cavab! Lakin açığı mənim fikrimcə, yazıçı üçün ən çətin səhnələr mütləq ən dramatik hadisələrin baş verdiyi səhnələr olmalıdır deyə bir şey yoxdur. Bəzən zahirən sakit görünən bir dialoq, bir susqunluq, bir ayrılıq anı insanı daha çox yorur. Çünki orada səs-küy yoxdur, amma insanın daxilində çox şey fəryad qoparır. Məndə də belə səhnələrdən birində idi. Yanlış xatırlamıramsa sonuncu kitabım olan “Kaş ki Gülən Ölüm Olsa” romanında anası oğlunu xəstəxanada ziyarətə gəlmişdi. O səhnədə çox tutulmuşdum. Dialoqları filan məni alt-üst etmişdi. Demək ki, özünüz də yazanda olurmuş belə şeylər.

Çünki qaçış yolunuz yoxdur. Bəzən elə səhnələr olur ki, yazarkən obrazın yaşadığı ağrını sadəcə təsvir etmirsiniz, müəyyən mənada onunla eyni otaqda oturursunuz, eyni süfrədən qidalanırsınız, eyni insanların gözlərinə baxırsınız. Onların susduğu yerdə siz də susursunuz. Hətta onların deyə bilmədiyi cümlələr sizin də içinizdə qalır. Belə anlarda yazı texniki proses olmaqdan çıxır, daha çox şəxsi bir təcrübəyə çevrilir.

Amma mən bundan qaçmıram. Çünki inanıram ki, yazıçını narahat etməyən səhnə oxucunu da dərindən təsirləndirə bilməz. Qəbul edək ki, hekayənin həqiqəti məhz müəllifin öz rahatlığını pozduğu yerdə başlayır.

 

  • Bir gün yazmağı dayandırsanız, sizcə, içinizdə ən çox nə yarımçıq qalar?

 

Çətin sualdır. Cavabı da çətindir; yəqin ki, içimdə ən çox danışmaq üçün növbəsini gözləyən insanlar susqun qalarlar. Çünki mən yazıya təkcə hekayə qurmaq kimi baxmıram. Mənim üçün yazmaq həm də səsi eşidilməyən obrazlara, unudulmuş dövrlərə, içində öz sirrini daşıyan insanlara yer açmaqdır.

Əgər bir gün yazmağı dayandırsam, sadəcə cümlələrim yarımçıq qalmaz. Məncə, müşahidələrim də sahibsiz qalar. Küçədə gördüyüm bir baxış, kiminsə səsindəki titrəklik, tarixin tozlu yerində qalmış bir ad — bunlar hamısı cavabsız şəkildə içimdə dolaşar; “Bəs biz nə vaxt danışacağıq?” deyə.

Yazmaq mənim üçün həyatı izah etməkdən çox, onunla münasibətdə qalmaq formasıdır. Ona görə yazmağı dayandırmaq bir peşədən uzaqlaşmaq kimi yox, dünyanın mənə pıçıldadığı şeyləri eşitməzliyə vurmaq kimi olardı. Bu laqeydliyi, bu haqsızlığı yaşadığım dünyaya və həmin dünyanın insanlarına rəva görə bilmərəm.

 

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ şərh yoxdur! İlk şərh yazan siz olun!

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!