Telefon
WhatsApp
Pakistanın Azərbaycan əsilli ilk Baş naziri – Xan Bahadur Mirzə Mümtaz Həsən Qızılbaş
300 X 250 Reklam Alanı

Müəllif: Qızılbaş Qlobal İrsi Təşkilatının əməkdaşı, araşdırmaçı Vahid İbayev

Qardaş Pakistan dövlətinin qurulmasında, eləcə də onun siyasi-hərbi idarəçiliyinin formalaşmasında, ictimai institutlarının inkişafında və mədəni həyatının çiçəklənməsində Azərbaycan əsilli Qızılbaş icmasının müstəsna rolu olmuşdur. Belə ki, Pakistan idarəçiliyində iki Qızılbaş nazir fəaliyyət göstərmişdir; Xan Bahadur Mirzə Mümtaz Həsən Qızılbaş (1897–1960) və Nəvvab Müzəffər Əli xan Qızılbaş (1908–1982).

Mirzə Mümtaz Həsən Qızılbaş 1897-ci ildə Britaniya Hindistanının Uttar Pradeş əyalətinin Aqra şəhərində nüfuzlu Gülabxana Qızılbaş ailəsində dünyaya gəlmişdir. Gülabxana Qızılbaş ailəsi Şamlı tayfasına mənsub idi və şəcərədəki məlumatlara əsasən, ailənin əcdadı Herat bəylərbəyi, Böyük Şah Abbasın lələsi və Şah Təhmasibin kürəkəni olmuş Əliqulu xan Şamlıdır. Əliqulu xan Şamlının özbəklər tərəfindən öldürülməsindən bir müddət sonra Səfəvi sarayında baş verən siyasi çəkişmələr və saray çevrilişləri onun ailəsini Böyük Moğol Hindistanına köçə məcbur etdi. Ailə XVII əsrin sonlarında Moğol Hindistanın Multan şəhərinə köçdü. XVIII əsrin əvvəllərində nəslin iki nümayəndəsi Böyük Moğol imperiyasının keçmiş paytaxtı olan Əkbərabada, indiki adıyla Aqra şəhərinə köçərək orada məşhur Gülabxana və Katra Hacı Həsən adlı ailə ocaqlarını qurdular. Britaniya Hindistanının bölünməsindən sonra ailə üzvləri Hindistandan Pakistanın Sind əyalətinin Kəraçi və Xayrpur Mirs şəhərlərinə köçdülər. Xan Bahadur Mirzə Mümtaz Həsən Qızılbaş ali təhsilini Müsəlman-İngilis Şərq Kolleci və Allahabad Universitetində almışdır. Ali təhsilini başa vurduqdan sonra əyalət dövlət qulluğuna qəbul olunaraq birləşmiş əyalətlərdə bir sıra inzibati vəzifələrdə çalışmışdır. Uttar Pradeş əyalət hökuməti onu Hindistanın ali qanunverici orqanlarından biri olan Dövlət Şurasına öz nümayəndəsi kimi göndərmişdir. Burada Mümtaz Həsən Qızılbaş kənd təsərrüfatı islahatları və iqtisadi inkişafla bağlı proqramlar hazırlamış və onların həyata keçirilməsinə nail olmuşdur.

a1 (4)

1938–1944-cü illər arasında o, Dehli Bələdiyyə Komitəsinin katibi vəzifəsində çalışmış və bu sahədə uğurlu fəaliyyəti ilə böyük nüfuz qazanmışdır. Onun xidmətlərini yüksək qiymətləndirən Britaniya Hindistanı hökuməti Mümtaz Həsən Qızılbaşı Hindistan Dövlət Xidmətində (ICS) ən yüksək vəzifəyə təyin edərək  “Xan Bahadur” fəxri adı ilə təltif etmiş və Əfqanıstanın paytaxtı Kabil şəhərinə ticarət attaşesi vəzifəsinə təyin etmişdir. Bu vəzifə həmin dövrdə mühüm diplomatik post hesab olunurdu.

a2 (3)

O, Pakistan qurulduqdan sonra bir müddət Əfqanıstandakı Pakistan səfirliyində müvəqqəti işlər vəkili vəzifəsini icra etdi. Daha sonra Qaidi-əzam Məhəmməd Əli Cinnahın göstərişi ilə Xayrpur knyazlığına göndərildi. Bu qərar Xayrpur knyazlığının keçmiş naibi Mir Hacı Əta Hüseyn xan Talpur və Əbdül Hüseyn Cəfərinin Qaidi-əzamdan təcrübəli bir idarəçinin təyinatı ilə bağlı xahişi əsasında verilmişdi. Məhz bu səbəbdən Mirzə Mümtaz Həsən Qızılbaş Pakistanın Xayrpur knyazlığının Baş naziri təyin edildi və bu vəzifəni 1947-ci ildən 1955-ci ilədək icra etdi. Onun Xayrpurdakı fəaliyyəti knyazlığın inkişafı və müasirləşməsi baxımından mühüm mərhələ təşkil etmişdir. Baş nazir olduğu dövrdə Xayrpur knyazlığı tarixində mühüm islahatlar həyata keçirildi: Xayrpur Tekstil Fabrikinin təməli qoyuldu, yüzlərlə yeni məktəb və təhsil müəssisəsi açıldı. O, knyazlıq büdcəsinin təxminən 22%-ni təhsilə ayırmış, məktəbdə pulsuz təhsil sistemini tətbiq etmişdir. Bu dövrdə 6-12 yaş arası uşaqlar üçün məcburi təhsil haqqında qanun qəbul edildi ki, bu da maarifləndirmə sahəsində dönüş nöqtəsi oldu və bölgədə savadlılıq səviyyəsinin sürətlə artmasına şərait yaratdı. Baş nazir Mümtaz Qızılbaş təhsilə böyük önəm verirdi. Onun təşəbbüsü ilə yaradılan, öz adını daşıyan və hazırda da Pakistanda fəaliyyət göstərən ali təhsil müəssisəsi Hökumət Mümtaz Kolleci qısa zamanda Sind bölgəsinin ən nüfuzlu təhsil ocaqlarından birinə çevrildi. Kollecin təsisindən sonra o dövrün tanınmış alim və ədəbiyyat xadimlərini, əsasən, Şərqi Pakistandan (indiki Banqladeşdən) kollecə müəllim kimi gətirdi. Onlardan üçü fəlsəfə doktoru idi. Mümtaz Həsən Qızılbaş kollecin nəzdində qardaşı kimi sevdiyi dostunun adını daşıyan geniş və müasir Polkovnik Şah yataqxanasını təsis etdi. Bu yataqxana xüsusilə ucqar bölgələrdən gələn tələbələrin yerləşdirilməsi və onların əsas ehtiyaclarının qarşılanması baxımından mühüm rol oynayırdı. Hazırda burada Pakistan–Türkiyə məktəbi və kolleci fəaliyyət göstərir.

a3

Baş nazir Mirzə Mümtaz Həsən Qızılbaş Knyazlığın 17 yaşlı hökmdarı Əli Murad xan II Talpur ilə birlikdə Xayrpurun iqtisadi və sənaye inkişafına töhfə vermək məqsədilə İngiltərə və Almaniyaya səfər etmiş, Asiyanın ən böyük tekstil fabriklərindən biri hesab olunan Xayrpur Tekstil Fabriki üçün texnoloji avadanlıqlar əldə etmişdir. Onlar Xayrpurdakı qadın sənaye-peşə məktəbinə rəhbərlik etməsi üçün məktəbə alman qadın mütəxəssis təyin etdilər. Yaradılan ilk sənaye zonası bölgədə ciddi iqtisadi inkişaf və sosial rifah doğurdu. Sonra Xayrpur Tekstil Fabriki özəl sektora satıldı və Baş nazir Mirzə Mümtaz Həsən Qızılbaş bu satışın həyata keçirilməsi barədə belə qeyd edib: “Tekstil fabriki artıq dövlətin onu qurmaqda nəzərdə tutduğu məqsədə xidmət etmişdir: o, iqtisadi və sənaye inkişafı üçün bir növ ilkin hərəkətverici qüvvə rolunu oynamalı idi”.

Davamı ikinci yazıda...

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ şərh yoxdur! İlk şərh yazan siz olun!

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!