Telefon
WhatsApp
Pakistanın Azərbaycan əsilli ilk Baş naziri – Xan Bahadur Mirzə Mümtaz Həsən Qızılbaş - II YAZI
300 X 250 Reklam Alanı

Əvvəli birinci yazıda:

1947-ci ildə, demək olar ki, heç bir sənayesi olmayan Pakistandakı bir knyazlıq üçün bu, böyük irəliləyiş idi: 1955-ci ilə qədər daha iki özəl tekstil fabriki fəaliyyətə başlamış, 1954-cü ildə tütün qurutma fabriki yaradılmış, 1955-ci ilə qədər sabun və yağ fabriki işə düşmüşdü. Xayrpur knyazlığı 1947–1955-ci illər arasında iqtisadi inkişaf və sosial rifah sahəsində Pakistanın qabaqcıl bölgələrindən biri oldu. İqtisadi baxımdan Xayrpur qısa müddətdə böyük uğurlar əldə etmişdir. 1948–1955-ci illər arasında knyazlığın illik gəlirləri təxminən 5,7 milyondan 16,9 milyon Pakistan rupisinə qədər artmışdır. Adambaşına düşən büdcə gəliri isə 53 Pakistan rupisi idi ki, bu da o dövrdə ölkənin digər bölgələri ilə müqayisədə yüksək göstərici sayılırdı. Hökumət təhsilə, yolların tikintisinə və sənaye sahəsinə böyük vəsait ayırmışdır. 1951-ci ildə yaradılan tekstil zavodu qısa zamanda mənfəət gətirərək regionun sənayeləşməsinə təkan verdi. Bütün bu tədbirlər Xayrpur knyazlığını dövrünün ən inkişaf etmiş və mütərəqqi idarəetmə modellərindən birinə çevirdi.

  

a1 (4)
Mirzə Mümtaz Həsən Qızılbaş 1949-cu ilin dekabrında Xayrpur knyazlığını Pakistanın Təsis Məclisində təmsil etmək üçün seçilmiş və ölkənin konstitusiyasının hazırlanması prosesində fəal iştirak etmişdir. Qaidi-əzam Məhəmməd Əli Cinnah arzulayırdı ki, knyazlıqlar Pakistana birləşsin, “Vahid Vəhdət” (One Unit) sistemi yaradılsın və xalqa bərabər hüquqlar, təhsil, ədalət və rifah imkanları təqdim olunsun. Mirzə Mümtaz Həsən Qızılbaş Qaidi-əzamın bu ideyalarını gerçəkləşdirdi və Xayrpur knyazlığını nümunəvi bir dövlətə çevirməkdə mühüm rol oynadı. Xayrpur knyazlığının 1955-ci ildə Pakistana birləşdirilməsi də məhz Mirzə Mümtaz Həsən Qızılbaşın səyləri ilə baş tutmuşdur. 1956-cı ilin may ayında Qərbi Pakistanın siyasi həyatında mühüm hadisə baş verdi. 1955-ci ildə “Vahid Vəhdət” adlı inzibati islahat nəticəsində birləşdirilmiş Qərbi Pakistan əyalətində ilk məclis iclası 1956-cı il mayın 19-da keçirildi. Bu iclasın əsas məqsədi ölkədə fəaliyyət göstərən iki əsas siyasi qrupun – Müsəlman Liqası və Respublika Partiyasının qüvvələr nisbətini müəyyənləşdirmək idi. Məhz bu iclas ərəfəsində mərkəzi hökumət maraqlı bir addım atdı. Tanınmış dövlət xadimi və keçmiş Xayrpur knyazlığının Baş naziri Mümtaz Həsən Qızılbaş həmin məclisin müvəqqəti sədri vəzifəsinə təyin edildi. Bu həm onun siyasi nüfuzunun, həm də təcrübəsinin göstəricisi idi. O həmçinin 1956–1958-ci illərdə Qərbi Pakistan Nazirlər Kabinetində qida və kənd təsərrüfatı naziri kimi fəaliyyət göstərmişdir. Xan Bahadur Mirzə Mümtaz Həsən Qızılbaş 4 aprel 1964-cü ildə həcc ziyarəti zamanı ürəktutmadan vəfat etmiş, Mədinədə, Bəqi qəbiristanlığında dəfn olunmuşdur.

Xayrpur knyazlığının hökmdarı Əli Murad xan II. Talpur və Baş nazir Mirzə Mümtaz Həsən Qızılbaş (eynəkli)


Pakistanın Xayrpur Mirs rayonunda Mirzə Mümtaz Həsən Qızılbaşın xatirəsinə ehtiram əlaməti olaraq bir neçə əsas yer onun adı ilə adlandırılmışdır. Bunlara “Hökumət Mümtaz Kolleci”, “Mümtaz Meydanı” və “Mümtaz Meydan küçəsi”, “Mümtaz Staff Colony”, yəni dövlət məmurları və müəllimlər üçün salınmış yaşayış məhəlləsi daxildir. Mümtaz Kolleci özünün təsisçisi olduğu ali təhsil müəssisəsi idi. Bu adlar onun Xayrpurun inkişafı və xüsusilə təhsil sahəsində göstərdiyi mühüm xidmətlərə verilən yüksək qiymətin və dərin ehtiramın bariz nümunəsidir. Bu gün də Qızılbaşlar Pakistanın siyasi və ictimai həyatında önəmli rol oynamaqda davam edirlər.
Bu nümunələr Qızılbaşların yalnız keçmişdə deyil, müasir Əfqanıstan, Pakistan və Hindistan cəmiyyətlərində də dərin iz buraxdıqlarını açıq şəkildə göstərir və Azərbaycan–Pakistan dostluğuna yeni nəfəs qatır, ortaq kimlik duyğusu və strateji əməkdaşlıq üçün möhkəm təməl yaradır. Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı sabiq səfiri Əli bəy Əlizadə verdiyi bir müsahibədə belə qeyd edirdi: “Pakistan və Azərbaycan xalqını böyük oxşarlıqlar, tellər bağlayır. Bakının mərkəzində Multan karvansarayının olması, Pakistanda Qızılbaşlar, Əfşarlar və Ordubadilər sülaləsinin olması bizim xalqımızın yaxınlığını tarix boyu göstərir”.

Baş nazir Mirzə Mümtaz Həsən Qızılbaş büdcə çıxışını edir.WhatsApp Image 2026-03-29 at 14-54-51


Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev isə bildirir;
“Pakistanda Qızılbaşların sayı və rolu daha böyükdür. Qızılbaşlar bu ölkəyə Prezident, Nazirlər, Generallar, Səfir, Hakimlər bəxş etmişdir. Bu gündə Pakistan ordusunda xidmət edən Qızılbaş Generallar və yüksək rütbəli zabitlər vardır”.


Xan Bahadur Mirzə Mümtaz Həsən Qızılbaşın ailə üzvləri, xüsusilə qardaşı nəvəsi Mirzə Əsəd Həsən bəy və onun oğlu “Google” şirkətinin qlobal texnologiya direktoru və startap investoru Mirzə Sami bəy Qızılbaş Qlobal İrsi Təşkilatının üzvləri sırasındadırlar. Sami Qızılbaş təşkilatın idarə heyətinin üzvüdür. Bu iki şəxs 2023-cü ildə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Qızılbaş Qlobal İrsi Təşkilatının əməkdaşlığı nəticəsində Bakıda keçirilən I Beynəlxalq Qızılbaş Konfransında da iştirak etdilər və Sami Qızılbaş konfrans zamanı çıxışında qeyd etdi: “Azərbaycanı Ata-baba yurdum hesab etdiyim üçün özümü xoşbəxt sayıram və ümid edirəm ki, Azərbaycan gələcəkdə də Qızılbaşları birləşdirmək, bir araya gətirmək üçün səylərini davam etdirəcək”. Təşkilat və ailə üzvlərinin Bakı ilə yanaşı, Qarabağın mirvarisi olan Şuşa şəhərinə səfərləri təşkil olundu; burada onlara əcdadlarının tarixi torpaqları yaxından tanıdıldı. Səfəvilərin, Qızılbaş imperiyasının süqutundan əsrlər keçməsinə baxmayaraq, onun mədəni mirası hələ də Əfqanıstan, Pakistan və Hindistanda yaşayır və qorunur.


Qızılbaş Qlobal İrsi Təşkilatının məqsədi Azərbaycan əsilli Qızılbaş icmasının kimlik ruhunu yenidən canlandırmaq, onun inkişafına töhfə vermək, həmçinin bu icmanın BMT və UNESCO tərəfindən dünya irsini qoruyan Azərbaycan əsilli icma təşkilatı kimi tanınmasına nail olmaqdır.

©Qızılbaş Qlobal İrsi Təşkilatının əməkdaşı, Araşdırmaçı Vahid İbayev

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ şərh yoxdur! İlk şərh yazan siz olun!

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!