Qubada aqrar təhsildə tarixi addım: ADPU-nun Quba filialında “Aqronomluq” ixtisası açılır
QUBA, Çağrı.az – Azərbaycanın aparıcı meyvəçilik və bağçılıq mərkəzlərindən biri olan Quba rayonunda aqrar təhsilin inkişafı istiqamətində mühüm addım atılıb. Quba Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinın Quba filialında 2026–2027-ci tədris ilindən etibarən “Aqronomluq” ixtisası üzrə kadr hazırlığına başlanılacaq.
Yeni ixtisasın yaradılması regionun aqrar potensialının elmi əsaslarla inkişaf etdirilməsi, yüksəkixtisaslı yerli mütəxəssislərin hazırlanması, kənd təsərrüfatında innovativ yanaşmaların genişləndirilməsi və aqrar sektorda müasir kadr ehtiyacının ödənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudovun təşəbbüsünü dəyərləndirən Quba İş Adamlarına Dəstək (QİAD) Platformasının İdarə Heyətinin sədri Cabbar Heybətov Çağrı.az-a açıqlamasında bildirib ki, son illər intensiv bağçılığın sürətli inkişafı, müasir aqrar texnologiyalara marağın artması və yüksək məhsuldarlığa olan tələbat peşəkar aqronom kadrların hazırlanmasını strateji zərurətə çevirib.
Onun sözlərinə görə, dövlətin güzəştli kredit və subsidiya proqramları, Sahibkarlığın İnkişafı Fondunun dəstəyi, müasir kənd təsərrüfatı texnikası və suvarma sistemlərinin fermerlər üçün əlçatan olması intensiv bağçılığın inkişafını sürətləndirib. Bu şəraitdə Qubada “Aqronomluq” ixtisasının açılması regionun real ehtiyaclarına cavab verən mühüm qərardır.
Cabbar Heybətov vurğulayıb ki, təhsil müəssisələri ilə özəl sektor arasında əməkdaşlıq gələcək aqrar inkişafın əsas şərtlərindən biridir. O bildirib ki, regional biznes ictimaiyyəti tələbələrin istehsalat təcrübəsi keçməsi, müasir aqrar texnologiyalarla tanış olması və gələcək məşğulluğunun təmin edilməsi istiqamətində universitetlə əməkdaşlığa hazırdır.
Yeni ixtisas Quba gənclərinə doğma rayonda müasir və əmək bazarında yüksək tələbat olan peşəyə yiyələnmək imkanı yaradacaq, eyni zamanda regionun kənd təsərrüfatı müəssisələrinin yüksəkixtisaslı yerli aqronomlarla təmin edilməsinə mühüm töhfə verəcək.
İxtisasın açılmasına göstərilən dəstəyə görə Emin Əmrullayevə təşəkkür ifadə olunub. Bildirilib ki, gələcəkdə kənd təsərrüfatı istiqamətində digər ixtisasların da yaradılması ölkənin elmi potensialının güclənməsinə, gənclərin peşəkar hazırlığının yüksəldilməsinə və aqrar sahədə innovativ inkişafın daha da sürətlənməsinə xidmət edəcək.
Layihə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Quba Rayon İcra Hakimiyyətinin birgə əməkdaşlığı nəticəsində regionun aqrar təhsil sisteminin inkişafı istiqamətində mühüm addım kimi qiymətləndirilir.





Oxşar
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək:
Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər
İnvestorları narahat edən əsas risklər