Telefon
WhatsApp
Qulaq, boğaz, burun xəstəlikləri haqqıda gözlənilməz faktlar - Otolarinqoloqla müsahibə
300 X 250 Reklam Alanı

Otolarinqologiya — qulaq, burun və boğaz xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikası ilə məşğul olan mühüm tibbi sahələrdən biridir. Müasir həyat tərzi, ətraf mühitin çirklənməsi, allergik faktorların artması və infeksion xəstəliklərin yayılması bu sahəyə olan ehtiyacı daha da artırmışdır. İnsan sağlamlığında əsas rol oynayan eşitmə, tənəffüs və danışıq funksiyalarının qorunması məhz otolarinqologiyanın diqqət mərkəzindədir. Otolarinqolgiya sadəcə burun axması və boğaz ağrısından ibarət deyil, həm də dərin bir elm sahəsidir.

Çağrı.az lor həkimi Mahir Məcidovla mövzu ilə bağlı fərziyələrdən,təhlükəli vərdişlərdən və sağlamlığımızı necə qorumaq lazım olduğundan danışıb.

Müsahibəni təqdim edirik:

- Nəyə görə burun, boğaz və qulaq xəstəlikləri üçün ayrı-ayrı deyil, ümumi bir həkim – LOR mütəxəssisi mövcuddur?

- Ümumiyyətlə burun, burunətrafı ciblər, udlaq və qırtlaq tənəffüs sisteminin bir hissəsi olub, yuxarı tənəffüs üzvləri hesab olunur. Qulaq da həmçinin “Yevstax” adlandırılmış boru ilə udlaqla əlaqəlidir ki, bu vasitə ilə təbil boşluğunda, mastoid hücrələrdə normal atmosfer təzyiqinə bərabər hava cərəyanı mövcud olur. Bütün bunlar nəzərə alınmaqla bu üzvlərin eyni bir həkim-mütəxəssis tərəfindən dəyərləndirməyə alınması məqsədəuyğun hesab edilmişdir. Eyni zamanda, qulağın eşitmə ilə yanaşı çox da bilinməyən, amma gündəlik normal həyat fəaliyyəti üçün olduqca əhəmiyyətli olan başqa bir funksiyası da var: müvazinət funksiyası. Bu olduqca çox mürəkkəb bir sistemdir, daxili qulaq bəhsində daha sonra ətraflı məlumat verməyə çalışarıq.

- Doğrudurmu ki, insanların əksəriyyəti qulaqlarını yanlış təmizləyir? Bu nə qədər təhlükəlidir?

- Ən başda qulaqların təmizlənmə gərəkliliyi dəyərləndirilməlidir. Bu nə deməkdir? Xarici qulaq keçəcəyi olaraq adlandırdığımız qulağın bu hissəsi bayırdan gördüyümüz qulaq seyvanından içəridə təbil pərdəsinə qədər davam edir. Bu yolun da sadəcə müəyyən bir hissəsində normal dəridə olduğu kimi tər, piy vəzləri həmçinin tükcüklər olur. Buradakı mövcud vəzlərin spesifikliyi kükürd tərkibli sekresiyanın olmasıdır ki, bu da özlüyündə xarici qulaq keçəcəyinin mikroblardan arınmasına xidmət edir. Beləliklə burada yığılan normal dəri töküntüləri dərinin özündə olan tükcüklərin ehtizazlı hərəkəti ilə bayıra doğru atılır. Bu səbəbdən sağlam orqanizmdə normalda qulaqda hər hansı yığıntı olmur. Dolayısı ilə təmizlənməsinə də gərək qalmır. Digər tərəfdən yığıntının olması halında da kor-koranə təmizlənməyə çalışılması xarici qulaq keçəcəyi dərisinin zədələnməsindən təbil pərdəsi zədələnməsinə qədər müxtəlif vəziyyətlərlə qarşımıza çıxır. Ən yaxşı halda yığıntının daha dərinə təbil pərdəsinə doğru itələnməsinə səbəb olur ki, bu halda təmizlənmə daha ağrılı ola bilir, eyni zamanda təbil pərdəsinin iltihablanmasına səbəb olur. Burada belə bir sual yarana bilər ki, xarici qulaq keçəcəyində normalda yığıntı olmursa, yığıntının olması hər hansı xəstəliyin əlaməti ola bilərmi? Bəli bir sıra sinir, endokrin, immun sistem xəstəliklərinin xəbərçisi kimi xarici qulaq keçəcəyi məlumatverici ola bilir.

- Qulaqcıqlardan tez-tez istifadə etməyin eşitməyə təsiri varmı?

- Qulaqcıqların istifadəsi müasir dövr üçün qaçınılmazdır. Əlbəttə normal fiziologiyaya görə səs titrəyişləri nə dərəcə yaxından və güclü təsir edirsə, bir o dərəcə ziyanlıdır. Bununla yanaşı səs gücünün tənzimlənməsi, gigiyenik qaydalara riayət edilməsi, xarici qulaq keçəcəyinin tez-tez havalandırılması kimi şərtlərlə istifadəsi mümkündür. Burada əlbəttə istifadə edilən cihazın keyyfiyyətinin də əhəmiyyəti az deyil. Əks halda xarici qulaq keçəcəyinin iltihablanmasından tutmuş, qulaqlarda küyün, eşitmənin zəifləməsinin səbəbi ola bilir.

- Stress səsə və ya eşitməyə təsir göstərə bilərmi?

- Stress faktoru bir sıra xəstəliklərin yaranmasında əsas faktor olduğu kimi eşitmənin də azalmasında əhəmiyyətli rol oynayır. Belə azalmaya səbəb eşitmə üzvünün yəni qulağın özünün patologiyası kimi yox, retrokoxlear adlandırılan yəni daxili qulaqdan sonrakı eşitmə yolunun, eşitmə mərkəzinin zədələnməsi kimi ortaya çıxır.

- Burun damcıları asılılıq yaradırmı? Uzunmüddətli istifadənin zərərləri nələrdir?

- Əlbəttə uzunmüddətli istifadəsi məsləhət görülməyən burun damcıları mövcuddur. Bunlar xüsusilə yerli simpatomimetik və ya başqa adı ilə lokal dekonjestanlardır. Apteklərdə naftizin, qalazolin, ksilometazolin kimi adlarla tanınır. İstifadə olunduqdan 20-30 saniyə sonra təsirini göstərməyə başlıyır, 4-6 saat davam edir. Ortalama istifadə müddəti 5-7 gün, zərurət halında 10-14 gün ola bilir. Daha artıq istifadəsi medikamentoz rinit deyilən xəstəliyin əmələ gəlməsinə səbəb olur ki, bu halda burunun açılması üçün vurulan dərman daha çox tutulmağa səbəb olur.

Əlavə olaraq qeyd etmək lazımdır ki, buruna yerli uzunmüddətli istifadə oluna bilən dərmanlar da mövcuddur.

- Burun axmasını tez bir zamanda aradan qaldırmaq üçün hansı üsullar effektivdir?

- Bunun üçün ilk olaraq burun axmasının səbəbini bilmək lazımdır. Belə ki, burun axması viral, bakterial infeksiya, allergiya və.s səbəblərdən ola bilir. Hər bir səbəbə görə də spesifik yanaşma tələb olunur.

- Boğaz ağrısı yaranan kimi antibiotik qəbul etmək doğrudurmu?

- Xeyir, ama bunu birmənalı şəkildə demək də doğru deyil. Əlbəttə ilk 3 gün müddətində antibiotikə qədər alternativ vasitələr istifadə edilir. Bu qərar da mütləq şəkildə həkim tərəfindən verilməlidir. Çünki, boğaz ağrısı sadə ifadə olunsa da altda yatan çox ciddi səbəblər ola bilir. Obyektiv müyinə ilə irinli anginaların varlığı təsdiq edildikdə gecikmədən antibakterial müalicə başlanılmalıdır.

- Duş qəbul etdikdən sonra soyuq havaya çıxmaq doğrudanmı xəstəlik yaradır?

- Bəli bu bir həqiqətdir. Hamamdan sonra xüsusilə yaxşı qurulanmadan soyuq havada olmaq orqanizmin kəskin soyuqlamasına, dolayısı ilə immun baryerlərin zəifləməsinə nəticədə yüngül halda tənəffüs yollarının infeksiyalaşmasına, daha ağır hallarda meningitə, meningoensefalitə səbəb ola bilir.

- Niyə bəzi insanlar xoruldayır? Bu hal təhlükəlidirmi, yoxsa sadəcə narahatlıq yaradır?

- Xoruldamanın burun tənəffüsünün pozulması (buraya burun arakəsməsinin əyriliyi, aşağı balıqqulaqlarının hipertrofiyası, adenoid vegetasiyası və s. daxildir) əsnək labilliyinin artması, artıq çəki, nevroloji və s. kimi müxtəlif səbəbləri mövcuddur. Xoruldamaq öz-özlüyündə təhlükəli olmasa da tənəffüs tutulması ilə gedən hallarda (buna yuxu apnoesi deyilir) təhlükə başlayır. Yuxu apnoesi xüsusi yuxu labarotoriyasında dəyərləndirilir və nəticədən asılı olaraq hətta cərrahi müdaxilə də təklif edilir.

- Pasiyentlərin ən çox etdiyi 3 səhv hansılardır?

- Qulaq ağrılarında müayinə edilmədən, yəni obyektiv olaraq qulağa həkim baxışı olmada hər hansı qulaq damlasının tökülməsi;

- Qulaqlar təmiz olduğu halda təkidlə qulaqları yudurtmaq istəyi;

- Boğaz ağrılarında həkimdənkənar məsləhətlərlə dərman müalicəsinə başlamaq

- Təşəkkür edirik, sağolun.

- Xoşdur, buyurun.

 

Nərgiz Məmmədli

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ şərh yoxdur! İlk şərh yazan siz olun!

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!