Ruhun cövhəri
Yoxluq cığırında azan könlümün,
Baharı üşüyür qış qucağında.
Varlığı heçliyə satan düşüncəm,
Dolaşıb məntiqin kor bucağında.
Qələm üsyan edir vərəq köksündə,
Gizli sızıltılar doğulur səssiz.
Hissin zəncirləri qırılır birdən,
Zaman limanını tərk edir izsiz.
Sual ümmanında paslanır fikir,
Vaxtın damarından qan sızır yenə,
Üfüqlər əriyir qəm yağışında,
Bürünür dumanın boz xirqəsinə.
Sonuncu nəfəsin çırpınışından,
Çalır yaddaşımın çılğın zəngləri.
Boylanır ayrılıq qəm yoxuşundan,
Uçur xəyalların gizli rəngləri.
Qəfil dalğalanır sonsuzluq gölü,
Mütləq imtinalar çökdürür anı.
Nida nöqtəsinə mismarlanır şək,
Vida rüzgarına qapılır canı.
Dağılır zərrəyə bütöv kainat,
Yığılır düyümə kədər ipliyi.
Titrəyir bürclərin donuq şüası,
Qaralır aləmin buz dərinliyi.
Sıyrılır bədəndən yorğun duyğular,
Başlayır şüurun dilsiz məhşəri.
Qapanır ömürlük sirli səhifə,
Parlayır boşluqda ruhun cövhəri.
Məhərrəm Orucsoy





Oxşar
Ən böyük təhlükə mənəvi aşınma və dəyərlərin unudulmasıdır
AZƏRBAYCAN ƏSGƏRİYƏM !
Kino və ya gözüaçıq gördüyümüz Yapay Yuxular ...
ANAM BABAM ƏRDƏBİL – OKTAY HACIMUSALI
Karanlıkta Bir Meşale: Cemil Meriç ve Hakikat Sürgünü
Uğur qapısı…
Müasir Azərbaycan ədəbiyyatında gənclərin rolu - Müsahibə
SƏN VARSAN DÜNYADA...