TAĞIYEVİN OSMANLI MƏCLİSİ-MƏBUSANINA MƏKTUBU
Hacı Zeynalabdin Tağıyevin xahişi ilǝ Mirmǝhǝmmǝdkǝrim ağa Cǝfǝrzadǝ Bakuvi tǝrǝfindǝn “Quran”ın Azǝrbaycan dilinǝ tǝrcümǝ edilǝrǝk, tǝfsiri ilǝ birgǝ Bakıda 1904-cü ildǝ nǝşr olunduğunu bilirik. Onu da bilirik ki, “Kǝşfül-hǝqayiq” (Hǝqiqǝtlǝrin kǝşfi) adını daşıyan vǝ üç cilddǝn ibarǝt olan bu kitabı Tağıyev, Yusif Ziya Talıbzadǝ vasitǝsilǝ İstanbula, Osmanlı sultanı II Əbdülhǝmidǝ göndǝrmişdir.
Yusif Ziya Talıbzadǝ İstanbula Bakı Müsǝlman Cǝmiyyǝti-Xeyriyyǝsi adından göndǝrilmiş vǝ “Kǝşfül-hǝqayiq”lǝ birgǝ Cǝmiyyǝtin tǝsdiqnamǝsini (vǝkalǝtnamǝsini), Tağıyevin Sultan II Əbdülhǝmidǝ mǝktubunu, bir dǝ Cǝmiyyǝti-Xeyriyyǝnin Osmanlı hökumǝtinǝ mǝktubunu aparmışdır.
Osmanlı hökumǝtindǝn Yusif Ziya Talıbzadǝyǝ tǝqdim edilǝn, “Quran” tǝrcümǝsinin vǝ mǝktubların alındığını vǝ Sultana ǝrz edildiyini bildirǝn cavab mǝktubunun altındakı tarix 14 avqust 1907-ci ili göstǝrir. Yǝni Bakıdan İstanbula göndǝrilǝn ǝmanǝtlǝr bu tarixdǝn ǝvvǝl ünvana çatmışdır.
Bundan bir il sonra – 1908-ci ildǝ Türkiyǝdǝ II Mǝşrutiyyǝt elan edildi vǝ Mǝclisi-Mǝbusan otuz illik fasilǝdǝn sonra yenidǝn açıldı.
“Kǝşfül-hǝqayiq”in 1904-cü il Bakı nǝşrinin bir komplekti Türkiyǝ Böyük Millǝt Mǝclisi kitabxanasında saxlanılır. Bu komplektin I cildinin titul sǝhifǝsindǝn dǝ ǝvvǝl, digǝr nüsxǝlǝrdǝ olmayan bir sǝhifǝ var. Bu sǝhifǝdǝ, Tağıyevin Osmanlı Mǝclisi-Mǝbusanına müraciǝti dǝrc edilmişdir. Belǝ görünür ki, Tağıyev “Quran” tǝrcümǝ vǝ tǝfsirini Sultan II Əbdülhǝmiddǝn sonra Osmanlı Mǝclisi-Mǝbusanına da tǝqdim etmişdir.
Tağıyevin müraciǝti, başdakı “bǝsmǝlǝ” vǝ xitab cümlǝsini, sondakı alqış (dua) cümlǝsini saymasaq, cǝmi bir cümlǝdǝn ibarǝtdir. Bu uzun vǝ olduqca bǝlağǝtli cümlǝdǝ Tağıyev Mǝşrutiyyǝti vǝ Qanuni-Əsasini (Konstitusiyanı) alqışlayır, Osmanlı Mǝclisi-Mǝbusanının açılışından duyduğu sevinci ifadǝ edir.
Tağıyevin Osmanlı Mǝclisi-Mǝbusanına müraciǝtinin hǝm orijinal mǝtnini, hǝm dǝ sadǝlǝşdirilmiş versiyasını oxucuların diqqǝtinǝ tǝqdim edirik.
Orijinal mǝtn
Bismillahir-rǝhmanir-rǝhim
Möhtǝrǝm Mǝclisi-Mǝbusani-Osmani
Bilcümlǝ qülubi-müslimini bir nöqtǝyǝ, bir mǝrkǝzǝ, bir qiblǝyǝ, bir ǝmǝlǝ tövcih vǝ bütün mǝqasidi-islamiyyǝyi tövhid edǝn, ǝnvari-hǝqayiq ilǝ naşiri-maarif olan, dǝqayiqi-ehkamı ilǝ xeyrat vǝ hǝsǝnata tǝrğib vǝ tǝşviq eylǝyǝn vǝ “vǝşavirhum fil-ǝmri” vǝ “ǝmruhum şura beynǝhum” ehkamı-cǝlilǝlǝrilǝ amiri-haqq vǝ ǝdalǝt vǝ üssül-qǝvanini-mǝşrutiyyǝt bu Kitabi-mübini, bu Kǝlami-qǝdimi sǝadǝti-islamiyyǝ ǝmǝlindǝn başqa mayeyi-fǝxri olmayan qafqazlı bir müsǝlman sifǝtilǝ mücahidatı mǝmaliki-Osmaniyyǝnin, Türkiyǝnin, türklǝrin, ümum müsǝlmanların vǝ bǝlkǝ bütün alǝmi-mǝdǝniyyǝtin bir xütveyi-müǝzzǝmeyi-tǝcdid ilǝ tǝrǝqqi vǝ tǝalisinǝ rǝhbǝr olan Türkiyǝ mǝbusan Mǝclisi-müǝllasına “innǝmǝl-müminunǝ ixvǝtun”ayǝti-kǝrimǝsi fǝhvasınca bir nişaneyi-üxüvvǝt olaraq irsal vǝ bu surǝtlǝ hissiyyati-tǝzim vǝ ehtiramımı Mǝclisi-müşarülileyhǝ tǝqdimǝ cürǝtyab olurum vǝ alǝmi-islamda dǝxi ǝfkari-hürriyyǝt vǝ müsavat yolunda bihǝqqin ciddü cǝhd edǝn bir mǝbusan Mǝclisinin vücudunu bu dǝmi-piridǝ görmǝk sǝadǝtinǝ nail olduğumdan naşi bütün dindaşlarım ilǝ bǝrabǝr kǝndimi bǝxtiyar ǝdd edǝrim.
Yaşasın Qanuni-Əsasi, yaşasın hürriyyǝt vǝ mǝşrutiyyǝt, yaşasın ehkami-sübhaniyyǝnin mürǝvvic vǝ xadimi olan vükǝlayi-ümmǝt amin!
Bakü, “Nǝşri-maarif” vǝ “Cǝmiyyǝti-xeyriyyǝ” mǝclislǝri rǝisi
Hacı Zeynalabdin Tağıyev
Sadǝlǝşdirilmiş mǝtn
Bismillahir-rǝhmanir-rǝhim
Möhtǝrǝm Osmanlı Mǝclisi-Mǝbusanı
Bütün müsǝlmanların qǝlblǝrini bir nöqtǝyǝ, bir mǝrkǝzǝ, bir qiblǝyǝ, bir arzuya çevirǝn vǝ islamiyyǝtin bütün mǝqsǝdlǝrinibirlǝşdirǝn, hǝqiqǝtlǝrin nurları ilǝ maarifi yayan, hökmlǝrininincǝliklǝri ilǝ xeyirlǝrǝ vǝ yaxşılıqlara rǝğbǝt oyadan vǝ onları tǝşviq edǝn, “işdǝ onlarla mǝslǝhǝtlǝş” vǝ “işlǝrini öz aralarında mǝslǝhǝtlǝ görǝrlǝr” kimi uca hökmlǝri ilǝ haqq vǝ ǝdalǝti ǝmredǝn vǝ işlǝrin mǝşvǝrǝt mǝclisi ilǝ idarǝ edilmǝsininqanunlarının ǝsasını tǝşkil edǝn, yaxşını pisdǝn ayıran bu Kitabı, bu qǝdim Kǝlamı, islamiyyǝtin sǝadǝtini arzulamaqdan başqafǝxr edilǝsi heç bir şeyi olmayan bir qafqazlı müsǝlman kimi, çalışmaları Osmanlı torpaqlarının, Türkiyǝnin, türklǝrin, bütün müsǝlmanların vǝ bǝlkǝ bütün mǝdǝniyyǝt alǝminin böyük bir yenilǝnmǝ addımı ilǝ tǝrǝqqisinǝ vǝ yüksǝlişinǝ rǝhbǝr olan Türkiyǝ millǝt vǝkillǝrinin uca Mǝclisinǝ “hǝqiqǝtǝn, möminlǝrqardaşdırlar” ulu ayǝsinin mǝnasına müvafiq olaraq, bir qardaşlıq nişanǝsi kimi göndǝrir vǝ bununla, tǝzim vǝ ehtiramduyğularımı o Mǝclisǝ tǝqdim etmǝk cürǝtini göstǝrir vǝ İslam alǝmindǝ dǝ hürriyyǝt vǝ müsavat ideyası yolunda layiqiylǝçalışan bir millǝt vǝkillǝri Mǝclisinin varlığını bu qoca yaşımda görmǝk sǝadǝtinǝ nail olduğumdan ötrü, bütün dindaşlarımla birgǝ özümü bǝxtiyar sayıram.
Yaşasın Konstitusiya, yaşasın hürriyyǝt vǝ mǝşrutǝçilik, yaşasın bütün qüsurlardan uzaq olan Allahın hökmlǝrinǝ rǝvacverǝn vǝ xidmǝt edǝn ümmǝt vǝkillǝri, amin!
Bakı, “Nǝşri-maarif” vǝ “Cǝmiyyǝti-xeyriyyǝ” mǝclislǝrininrǝisi
Hacı Zeynalabdin Tağıyev
Azad Ağaoğlu filoloq, tǝrcümǝçi.





Oxşar
M.F.AXUNDOV, ŞAH ABBAS VƏ YUSİF SƏRRAC
“Qərbi Azərbaycan Həqiqətləri və Qarabağ Zəfəri”
TAĞIYEVİN OSMANLI MƏCLİSİ-MƏBUSANINA MƏKTUBU
Dağıstan azərbaycanlılarının formalaşmasında Səfəvilərin rolu
İçərişəhər Qala divarının dağılan hissəsində təcili tədbirlər görüləcək
Qolqonda sultanlıiğı və Qütbşah dövləti
Səfəvi imperiyasının xarici siyasəti
Humanizmə ümumi baxış