Türk Ulusunun Qutsal Bozqurd Özəyinin Yadellilərin “Yalquzaq” Tələsi ilə Təklənərək Dağıdılması
Tarixdə bəzi savaşlar torpaq üçün aparılıb, bəziləri parasal varlıq üçün, bəziləri isə bir toplumun yaddaşını dəyişdirmək üçün. Ən qorxulu savaşlar isə gizli və alt qatda görünməz olur. İnsanların necə düşünəcəyini, nəyi “güc”, nəyi “ özgürlük ”, nəyi “uğur”, nəyi isə “gerilik” sayacağını dəyişən ağıl döyüşləri.
Türk toplumlarının son yüzillikdə qarşılaşdığı ən böyük tinsəl və anlatı savaşlarından biri də məhz burada başladı: Tamğaların, alqıların , deyimlərin , inancların anlamını dəyişdirmək üzərindən.
Qurd türklər üçün sadəcə bir heyvan olmayıb. Bozqır insanı min illərlə doğanı izləyərək yaşadı və həyatda qalma bacarıqlarının böyük hissəsini doğanın özündən öyrəndi. Qurd isə bu törədə gücün, çevikliyin, bağlılığın , yön tapma bacarığının, düzən qurmağın və ən önəmlisi birlik qurmanın dəyərinin göstəricilərindən biri idi. Türk mifologiyasında, dastanlarında və el quruluşunun yaddaşında bozqurd yol göstərən, toparlayan və sürünü qoruyan varlıq kimi yaşayırdı. Çünki bozqır insanı çox yaxşı bilirdi: tək qalan canlı doğada çox yaşaya bilməz.
Maraqlıdır ki, bu alqının anlamı dönəm , dönəm düzənli olaraq, gizlincə dəyişdirilməyə başladı. Türk toplumlarının tarixi qarşıdurma yaşadığı güclər və onları yönəltmək istəyən düşüncə düzənləri bozqurdun örnəkləndiriyi yaşam biçiminin yaratdığı ortaq yaddaşı gücsüzləşdirmə , gözdən salmağa çalışdılar. Özəlliklə sovet quruluşunun düşüncə maşını bunu çox amansızca və bicliklə etdi. Sovet dönəmində çəkilən bir çox cizgi filmlərində, bədii filmlərdə və ədəbiyyat örnəklərində bozqurd çox vaxt ya təhlükəli, ya vəhşi, ya da əzik kimlik kimi göstərilirdi. Bu elə belə sıradan baş verən olaylar deyildi. Çünki sovet düzəni türksoylu xalqların milli və etnik yaddaşın güclü göstəricilərinin bu uluslara verdiyi duyğusal gücünü bilir bunu əlində saxlamağa çalışırdı. Toplumların öz kökünə bağlı qalması mərkəzləşdirilmiş düşüncə idarəçiliyi üçün təhlükə sayılırdı.
Amma məsələ təkcə sovet düşüncəsi ilə bitmədi. Soyuq savaşdan sonra qlobal kültür sənayesi başqa yolla eyni sonuca qulluq edən yeni insan örnəyi yaratmağa başladı. Burada artıq qurd açıq şəkildə “pis” göstərilmirdi. Əksinə, onun anlamı dəyişdirildi.
Qurd sürü ruhunun yox, “yalnız qəhrəmanın” simvoluna çevrildi.
Bu gün Qərb kino sənayesinə, seriallara, iş təqdimatlarına, fərdi inkişaf kitablarına və ruhlandırma bölümlərinə diqqətlə baxanda eyni xətt görünür. İstər savaş filmlərində, istər tarixi filmlərdə, istər iş uğuru hekayələrində, istər özəl gücü olan qəhrəmanların, istər qəhrəmanlara qarşı olan seriallarda eyni örnək təkrarlanır: hamıya qarşı tək adam. Öz ailəsindən, toplumundan, kökündən ayrılmış sərt fərd. Heç kimə gərək duymayan “yalnız savaşçı”. Zirvəyə tək çıxan insan.
Bu anlatı artıq yalnız kino estetikası deyil; davranış yönləndirməsidir.
Amerikalı nəzəriyyəçi Joseph Nye yumşaq gücü açıqlayarkən göstərirdi ki, çağdaş düzənlər insanları zorla deyil, istək yaratmaqla yönəldir. İnsanlara hansı yaşamın “ideal” olduğu hiss etdirilir. İtalyan düşüncə adamı Antonio Gramsci isə bunu “mədəni üstünlük” adlandırırdı: toplumların düşüncə düzəni görünmədən yenidən qurulur və insanlar bunu zamanla öz seçimi saymağa başlayırlar.
Burada ən önəmli məsələ budur: türk toplumlarının tarix boyunca başlıca gücü fərdi qəhrəmanlıqdan çox qarşılıqlı bağlılıq idi.
Türk dövlət düşüncəsində insan təkcə “özünü” anlatmırdı. İnsan ailəsinin, soyunun, boyunun, budunun və elinin davamı kimi yaşayırdı. Oba sadəcə yaşayış biçimi deyildi; güvənlik düzəni idi. Törə sadəcə qanun deyildi; birlik quruluşu idi. Ahilik təkcə iqtisadi örnək deyildi; qarşılıqlı güvən və paylaşma düzəni idi.
Orxon Yazıları oxunanda orada da başlıca qorxunun “elin parçalanması” olduğu görünür. Çünki qədim Türk dövlətləri yaxşı anlayırdı: bir toplum öncə ruhən parçalanır, sonra siyasi olaraq çökür.
Məhz buna görə bu gün baş verən kültür dəyişiminə sadəcə “çağdaş yaşam biçimi” kimi baxmaq yetərli deyil. Çünki məsələ insanın yalnız geyiminin, musiqi zövqünün və ya texnologiya işlətməsinin dəyişməsi deyil. Məsələ insanın bağlı olduğu bağlardan qoparılmasıdır.
Öncə ailədən uzaqlaşdırılır. Sonra qohumluq bağları zəifləyir. Daha sonra soy-kök anlayışı anlamsızlaşdırılır. Boy və budun yaddaşı “köhnəlik” kimi göstərilir. İnsan öz keçmişi ilə bağını itirdikcə daha rahat yönləndirilən fərdə çevrilir.
“Divide et impera”— “Böl, parçala, yönəlt” düsturu bu gün artıq yalnız siyasi alətdə yox, kültür sənayesində işləyir. Çünki birlik duyğusu zəif olan toplumları yönəltmək daha asandır. Yeni müstəmləkəçi düzənlərə, texnofeodal quruluşlara birlik alışqanlığı olan toplum gərək deyil. Bir-birinə dayaq olan toplum təhlükəlidir. Birlik qurma bacarığı olan toplum özbaşına qərar verə bilir. Ona görə də çağdaş düzən fərdi mümkün qədər yalnızlaşdırır.
Bu yalnızlaşma isə “özünü gəliştirmək” adı altında bazarlanır.
Son illərdə iş öyrətimlərinə (təlimlərinə), ruhlandırma (motivasiya) toplantılarına, fərdi gəlişim (inkişaf) kitablarına və sosial media ruhbiliminə diqqətlə baxın. Eyni çağırış təkrar olunur: “Tək çalış”, “yalnız özünə inan”, “heç kimə gərək duyma”, “hamıya qarşı savaş”, “zirvəyə tək çıx”. İlk baxışda güclü görünən bu çağırışlar zamanla insanı toplumdan qoparır. İnsan artıq ortaq məsuliyyət daşıyan varlıq yox, yalnız öz cinsi və qidalanma ehtiyacları üçün yaşayan istehlakçı fərdə çevrilir.
Bu gün Turan coğrafiyasına və türk dövlətlərinə baxanda parçalanmanın izləri hər yerdə görünür. Ailə qurumu zəifləyir. Qohumluq münasibətləri biçimsel hala gəlir. İnsanlar eyni şəhərdə yaşayaraq bir-birindən uzaq düşür. Birlikdə iş görmək bacarığı zəifləyir. Hər kəs bir-birinə şübhə ilə yanaşır. Sosial media isə insanları toplumun içində daha da yalnızlaşdırır.
Halbuki, qurdların öz yaşam biçimində belə başlıca güc sürü ruhudur.
Etologiya göstərir ki, qurdlar yüksək ortaq davranış düzəni ilə yaşayır. Birlikdə ov edir, balaları birlikdə qoruyur, iş bölgüsü qurur, zəif üzvləri tərk etmirlər. Təbiətdə örnək qurd sürüdən qopmuş yalquzaq deyil.
Yalquzaq çox vaxt sürüdən qovulmuş, quduzlaşmış və ya bağını itirmiş qurddur.
Amma çağdaş kültür sənayesi bizi məhz buna kökləyir: sürüdən qopmuş yalquzağa.
Çünki birlik duyğusunu itirən toplum artıq özü-özünü zəiflədir.
Amerikalı toplumbilimçi (sosioloq) Robert Putnam sosial bağların zəifləməsinin toplumları necə dağıtdığını illər öncə yazmışdı. Émile Durkheim isə toplum bağlarının zəifləməsini “anomiya” — mənəvi yön itkisi adlandırırdı. Erich Fromm insanın tam fərdiləşdikcə daha azad yox, daha qorxulu və tənhalaşmış hala gəldiyini göstərirdi.
Bəlkə də bu gün ən önəmli məsələ keçmişə romantik qaçış deyil. Heç bir toplum min il öncəki həyatı olduğu kimi geri gətirə bilməz. Amma toplumlar öz davranış özəyini qoruya bilər.
Türkün tarix boyunca başlıca gücü yalnız cəsur fərdlər yetişdirməsi deyildi. Başlıca gücü bir-birinə dayaq ola bilən insanlar yetişdirməsi idi.
Çünki dövlətləri ordular qurur, amma millətləri bağlar yaşadır.
Və bəlkə də çağımızın ən görünməz yönləndirməsi insanlara azadlıq adı altında yalnızlığı sevdirmək oldu.

Eltən Törəçi





Oxşar
Qazaxıstan Altın Ordanın birbaşa varisidir – Tokayev
Çin "Sibirin Gücü" layihəsi üzrə Rusiya ilə əməkdaşlığı genişləndirməyə hazırdır
Mirzoyan Şoyqu və Overçuka cavab verdi: "Ermənistan-Rusiya münasibətlərində gərginlik..."
WUF13-ün iştirakçısı olan türkiyəli sabiq nazirdən Zəngəzur açıqlaması, İrəvana mühüm ismarışlar
Dilin Hafızası ve Töremizin Mayası: Kavramlarla Yeniden Diriliş
Tramp Si Cinpinlə danışıqlarını "əla" adlandırıb
Türkün Ses Bayrağı ve Bir Medeniyet Müzesi Olarak Türkçe
Türkiyənin TDT ölkələri ilə illik ticarət həcmi 17 milyard dollara yaxınlaşıb