Telefon
WhatsApp
Ən böyük təhlükə mənəvi aşınma və dəyərlərin unudulmasıdır
300 X 250 Reklam Alanı

İnsan həyatı bir-birini əvəz edən sevinc və kədərin, qələbə və məğlubiyyətin, nemət və sınağın qovuşduğu mürəkkəb bir yolçuluqdur. Bu yolun heç bir mərhələsi insan ruhuna təsirsiz ötüşmür. Qarşılaşılan hər bir hadisə – istər sevindirici, istərsə də ağrılı olsun insanın düşüncəsində, hisslərində və davranışlarında müəyyən iz buraxır.

Belə məqamlarda insanın ifrata və ya təfritə meyl etməsi, hisslərinin təsiri altında tarazlığını itirməsi təbii haldır. Sevinc bəzən onu təkəbbürə və arxayınlığa, kədər isə ümidsizliyə və bədbinliyə sürükləyə bilər. Lakin insanı bu iki ifrat arasında saxlayan, daxili aləmini tarazlaşdıran və ona mənəvi istiqamət verən ən möhkəm dayaq Yaradanа olan inancı və imanıdır.

Çünki iman yalnız ibadət deyil, eyni zamanda həyatın bütün çətinlikləri qarşısında insanın mənəvi dayağı, vicdanının meyarı və ruhunun sığınacağıdır. O, insana səbir etməyi, şükür etməyi, təvəkkül etməyi və baş verən hər bir hadisənin arxasında ilahi hikməti görməyi öyrədir. Beləliklə, mömin nə sevinc içində həddini aşır, nə də müsibət qarşısında ümidini itirir. O, həyatın bütün enişli-yoxuşlu yollarında mənəvi tarazlığını qoruyaraq hər vəziyyətdə Allahın rizasını qazanmağa çalışır.

 

İlahiyyatçı alim, Heydər Məscidinin axundu Rüfət Qarayev Çağrı.az-a müsahibəsində müasir dövrün mənəvi təhdidlərindən, fitnələrin mahiyyətindən, milli və mənəvi dəyərlərimizin qorunmasının vacibliyindən, onlara sarılmağın əhəmiyyətindən danışdı, suallarımızıcavablandırdı.

 

1. Müasir dövrdə bu qədər fitnə və diqqəti yayındıran amillər arasında imanımızı necə qoruya bilərik?

 

Rüfət Qarayev: Sizin də vurğuladığınız kimi, müasir dövrün fitnələri çox sürətlə yayılır və müxtəlif formalarda təzahür edir. Doğrudur, hər dövrün özünəməxsus fitnələri və imtahanları olmuşdur. Lakin hadisələrin gedişatına nəzər saldıqda görürük ki, insanlar bu gün daha ağır bir zaman sınağından keçirlər.

Belə olduğu təqdirdə, mömin bütün varlığı ilə Allahın qırılmaz ipi olan Qurani-Kərimdən möhkəm yapışmalı, digər tərəfdən isə Allah Rəsulunun (s) sünnəsinəsarılmalı, Əhli-Beytin həyatını özünə nümunə götürərək imanını qorumağa çalışmalıdır. Təbii ki, imanın qorunması üçün müxtəlif yollar və üsullar sadalamaq olar. Lakin ən əsas düstur məhz budur. Sadalaya biləcəyimiz bütün digər vasitələr də əslində bu düsturun tərkib hissəsidir.

 

2. Bizə dərin zərər vermiş insanları necə bağışlaya bilərik?

 

Rüfət Qarayev: Zərər deyərkən insanlar çox vaxt ilk növbədə maddi ziyanı nəzərdə tuturlar. Amma unutmamalıyıq ki, insana vurulan mənəvi zərərin maddi qarşılığı yoxdur. Əslində insanın ən böyük itkisi də elə mənəvi itkisidir.

Dinimiz hər nə olursa-olsun, bağışlama yolunu tutmağı tövsiyə edir. Çünki Allah bağışlayan və mərhəmətlidir. Onun Rəsulu (s) da bunun ən gözəl nümunəsidir. Biz də gücümüz çatdığı qədər bağışlamağa çalışmalı, kin və nifrəti qəlbimizdə daşımamalı, lakin xəyanət əhlinə qarşı da şəriətin və ədalətin tələb etdiyi ölçülər çərçivəsində davranmağı bacarmalıyıq.

 

3. Dövrümüzün ən təhlükəli mənəvi xəstəliyi nədir?

Rüfət Qarayev: Dövrümüzün ən təhlükəli mənəvi xəstəliyi nəfsin istək və arzularına tabe olaraq dünyəviləşmək, milli və mənəvi dəyərləri gözardıetmək və unutqanlıq xəstəliyinə düçar olmaqdır.

Ətrafımıza baxdıqda görürük ki, bir çox insanlar yalnız bu günü yaşayırlar. Maraqları təmin olunduğu müddətdə dost və qardaş kimi görünürlər. Lakin maraqlarına cüzi toxunduqda, həmin insanların qısa zamanda düşmənə çevrildiyinin şahidi oluruq.

Bu xəstəliyin kökündə isə dünyaya həddindən artıq bağlılıq, axirət inancının zəifləməsi, sanki heç vaxt ölməyəcəkmiş kimi yaşamaq hərisliyi və mənəvi dəyərlərin unudulması dayanır.

 

4. Sizcə, XXI əsrdə nümunəvi müsəlman necə olmalıdır?

 

Rüfət Qarayev: Bu sualı təkcə XXI əsrə deyil, bütün dövrlərə aid etmək olar. Müsəlman Allahın razılığına uyğun yaşamağa çalışdığı müddətdə həm özünə, həm də cəmiyyətə faydalı olacaqdır. Onun gözəl davranışları və yüksək əxlaqı digər insanlar üçün nümunəyə çevriləcək, onlar da bu gözəlliklərdənbəhrələnəcəklər.

Yox, əgər insan özü ilə münasibət qurmağı bacarmır, nəfsini tanımır, şeytanın hiylə və fitnələrindən qoruna bilmirsə, təbii ki, Allahı da layiqincə tanımayacaq, dəyərlərdən uzaq düşəcək və qəflət içində yaşayaraq cəmiyyət üçün mənfi nümunəyə çevriləcəkdir.

 

Sonda isə verdiyiniz düşündürücü suallara görə sizə təşəkkür edirəm. Çağrı.az kollektivinə fəaliyyətində uğurlar arzulayıram. Çağrınız bol, bu çağrıya cavab verənlər isə ondan da bol olsun!

Müsahibəni hazırladı: Nərgiz

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ şərh yoxdur! İlk şərh yazan siz olun!

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!